Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq Abşeron rayonunda da yüksək səviyyədə icra olunur.
Absheronxeber.az "AzərTac"a istinadən bildirir ki, bu məqsədlə rayonda yaradılmış komissiyanın sədri, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini xanım İradə Gülməmmədova bildirmişdir ki, tibbi müayinə Xırdalan şəhər mərkəzi poliklinikasında, şəhər uşaq poliklinikasında, Saray qəsəbə xəstəxanasında, Mehdiabad qəsəbə həkim ambulatoriyasında həyata keçirilir.
Komissiyanın sədri qeyd etmişdir ki, əhalinin tibbi müayinəsinin effektiv və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə kompleks tədbirlər görülmüş, dəqiq qrafik tutulmuşdur. Bütün idarə və müəssisələrdə çalışan insanlar bu qrafikə əsasən müayinə olunurlar. Qabaqcadan görülmüş hazırlıq işlərinin nəticəsidir ki, artıq ötən 3 gün ərzində 13076 sakin tibbi müayinədən keçmiş, sağlamlıqları haqqında məlumat əldə etmişlər.
Rayon sakini Yavər Əhədov bu nəcib aksiyanı yüksək qiymətləndirərək demişdir ki, müayinənin təşkilindən çox razıdır. Həkimlər onu hərtərəfli, dəqiq müayinə etmiş, lazımınca diqqət göstərmişlər.
Müşahidələr göstərir ki, rayonun tibb müəssisələrində müayinə üçün hər cür şərait yaradılmış, həkim briqadaları müasir tibbi avadanlıqla təchiz edilmişdir. Təcrübəli həkim və tibb işçiləri qrafik əsasında qəbula gələn insanları hərtərəfli müayinədən keçirir, onlara məsləhətlər verilir, ehtiyac duyulduqda xəstələr müalicəyə cəlb olunurlar.
Sakinlər də öz növbəsində bu aksiyadan olduqca məmnundurlar və göstərilən qayğıya görə dövlət başçısına minnətdarıq edirlər.