"Azərbaycanla səmimi və konstruktiv danışıqlar aparmaq lazımdır".
Bunu Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian Fransa parlamentinin bir sıra üzvləri və ictimai xadimlərinin hökuməti Dağlıq Qarabağ münaqişəsinin həllində bitərəf mövqe tutmağa dair çağırışına cavab olaraq bildirib.
XİN rəhbəri məktubda Fransanın bu günə qədər Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli naminə apardığı faəliyyətinə toxunub: "1997-ci ildən etibarən Fransa Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərir və bu müddət ərzində beynəlxalq hüquqa hörmət çərçivəsində onların fundamental maraqlarını nəzərə almaqla tərəfləri münaqişəni siyasi yolla həll edərək bitirməyə çağırıb".
Jan İv Lö Drian Dağlıq Qarabağ münaqişəsinin həllinin davamlı olması üçün Fransanın bundan sonra da yaxından iştirak edəcəyini bildirib: "Mən sizi arxayın edirəm ki, tərəfdaşları ilə birgə Fransa üzərinə düşən lazımi rolu bundan sonra da oynayacaq və döyüşlərin dayandırılmasından sonra əldə olunan nəticələrin davamlı olması üçün əlindən gələni edəcək. Arxayın olun ki, Fransa həmrəylik və dostluq dəyərlərinin çiçəklənməsi üçün bundan sonra da hər zaman xalqların yanında olacaq".
Nazir bunun üçün Fransanın Azərbaycanla səmimi və konstruktiv danışıqlıqlara hazır olduğunu bildirib: "Bunun üçün Azərbaycanla səmimi və konstruktiv danışıqlar aparmaq lazımdır. Mən inanıram ki, Fransua Mitteran, Jak Şirak və Emmanuel Makron da daxil olmaqla Fransa prezidentlərinin qurduqları tərəfdaşlıq ruhuna uyğun olaraq ikitərəfli inam üzərində aparılacaq dialoq yolunu tapa biləcəyik".