Xırdalan şəhər 7 nömrəli tam orta məktəbdə vokal məktəbinin banisi, görkəmli xanəndə, Xalq artisti Bülbülün 120 illik yubileyi qeyd olunub. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, mədəniyyət işçiləri, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Tədbir iştirakşıları əvvəlcə foyedə ölməz sənətkarın həyat və fəaliyyətini əks etdirə foto sərgi ilə tanış olublar.
Məktəbin direktoru Zemfira Orucova qonaqları salamlayaraq milli musiqimizin tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Bülbülün həm də görkəmli pedaqoq olduğunu, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrətdiyini bildirib.
Daha sonra çıxış edən tədbirin qonağı Mədəniyyət kanalının direktoru, əməkdar artist, Ü. Hacıbəylinin Koroğlu operasının gənc ifaçısı Ramil Qasımov Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. Bülbül məktəbinin davamçısı olan sənətçi Bülbülün repertuarından “Sənsiz” romansını da ifa edib.
Bülbülün memorial ev muzeyinin əməkdaşı Nigar xanım İsgəndərova Azərbaycan xalq mahnılarının, təsniflərinin, vokal əsərlərinin ifaçısı Bülbülün ölməz xatirəsinin xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacağını vurğulayıb.
Tədbir şagirdlərin Bülbülün həyat və yaradıcılığına aid hazırladıqlar bədii kompozisiya ilə davam edib.