Dekabrın 27-də Xırdalan şəhər 2 saylı tam orta məktəbdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəbin direktoru Ədalət Camalova Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ümumxalq bayramı kimi qeyd olunmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Bildirilib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ulu öndərin təşəbbüsü ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin xalqımızın birliyi və həmrəyliyinə yönəlmiş ideyalarının əbədi yaşayacağını qeyd edən direktor bildirib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti milli diasporun formalaşmasında, onun mütəşəkkil hərəkata çevrilməsində mühüm rol oynayır.
2017-ci ilin ölkəmiz üçün müvəffəqiyyətlə başa çatmaqda olduğunu söyləyən direktor elm və təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələrini qeyd edib. Ə.Camalova kollektivi bayram münasibətilə təbrik edərək 2018-ci ilin həm xalqımız, həm də elm və təhsilimiz üçün uğurlu olacağına əminliyini bildirib.
Tədbir şagirdlərin hazırladıqları bədii kompozisiya ilə davam edib.
Şamo Əliyev