Abşeron rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Xocalı faciəsinə həsr olunmuş “Xocalı adlı bir elim var” adlı tədbir keçirilib. Anım tədbiri Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edilməsi ilə başlanılıb.
Tədbirdə Uşaq – Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən dərnəklərin üzvlərinin hazırladıqları soyqırıma həsr olunmuş “Xocalı harayı” adlı səhnəcik, şeir kompozisiyaları, vətənpərvərliyə həsr olunmuş musiqi nömrələri, soyqırımı əks etdirən videoçarx və “Təsviri sənət” dərnəyi üzvlərinin əl işlərindən ibarət 55 rəsm nümayiş olunub.
Anım tədbirində Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, Mərkəzin direktoru Aytən Rüstəmova, rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, AYB Abşeron bölməsinin sədri Şəhla Ağbulud, Mərkəzin əməkdaşları və məktəblilər iştirak ediblər.
Mərkəzin direktoru Aytən Rüstəmova “Xocalı- əsrin faciəsidir” adlı məruzəsində Xocalı faciəsindən, cinayətkar ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışaraq məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Xocalı soyqırımına hüquqi qiymət verilməsini və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı həqiqətlərinin dünyaya çatdırılması sahəsində apardığı genişmiqyaslı işləri vurğulayıb.
Abşeron RTŞ-nın müdiri Nazilə Məmmədova bildirib ki, tədbirin keçirilməsində məqsəd – Xocalı faciəsində həlak olmuş şəhidlərin xatirəsini yad etmək və yetişməkdə olan gənc nəsildə milli vətənpərvərlik hisslərini aşılamaqdır.
Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev qeyd edib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosimo faciələri ilə eyni səviyyədə durur.
Tədbir üçrəngli bayrağımızın zala gətirilməsi və “Azərbaycan” mahnısının səsləndirilməsi ilə yekunlaşıb.
Şamo Əliyev