Bu günlərdə ölkəmizin hər yerində olduğu kimi 20 yanvar faciəsinin 30-cu ildönümü Abşeron rayonundaki körpələr evi-uşaq bağçalarında da müxtəlif tədbirlərlə qeyd olunur.
Belə tədbirlərdən biri də Xırdalan şəhər 1 saylı körpələr evi-uşaq bağçasında keçirilib.
Tədbirdən önçə bağçanın körpə fidanlar Xırdalan şəhərində yerləşən "Şəhidlər abidəsi” önünə gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirib.
Anım tədbirində 1990-cı ilin qanlı yanvar gecəsindən bəhs edən filmə tamaşa olunub. Daha sonra hadisənin tarixinə nəzər salınıb. Bağçanın müdiri Vüsalə Məşədiyeva bildirib ki, “20 Yanvar” hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olub. Bütövlükdə isə bu faciə milli tariximizin ən şanlı səhifələrindən birini təşkil edir. Bu hadisə milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin kütləvi qəhrəmanlığıdır.
Tədbirdə körpələr evi uşaq bağçasının fidanları “20 Yanvar”-a həsr edilən şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Uşaqlar hazırladıqları səhnəcikdə qanlı gecənin dəhşətlərini nümayiş etdirməyə çalışıblar.
Sonda fidanlar simvolik olaraq hazırlanan “Məşəl Abidəsi” önünə tər qərənfillər düzüblər.