Xocalı soyqırımının 28-ci il dönümü münasibətilə Abşeron rayonunda silsilə tədbirləri çərçivəsində Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında da soyqırım qurbanları yad edilib.
Əvvəlcə bağçanın həyətində körpə fidanlar və tərbiyyəçi müəllimlər Xocalı soyqırımında şəhid olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 həmişəyaşıl sərv ağacı və Eldar şamı əkiblər. Ağaclardan soyqırımı zamanı şəhid olan uşaqların adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.
Bağçanın zalında baş tutan anım tədbirinin iştirakçıları əvvəlcə torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması yolunda canlarından keçmiş şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə bağçanın müdiri Könül İbrahimova Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Xocalı faciəsinə qiymət vermək yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü.
Sonda körpə fidanlar şeirlər söyləyib, müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.