Əziz Hüseyn bala, onun valideynləri və müəllimlər!
Bu günlərdə 11-ci siniflər üzrə keçirilən buraxılış imtahanı zaman Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin məzunu Abdullayev Hüseyn Yaşar oğlu ən yüksək nəticə göstərərək hamımızı sevindirmişdir. Hüseyn balamız respublika üzrə maksimal nəticə olan 300 balı (Azərbaycan dili - 100 bal, ingilis dili - 100 bal, riyaziyyat – 100 bal) toplamağı və bu uğuru qazanan yeganə məzun kimi adını tarixə yazdırmağı bacarmışdır. Mənə verilən məlumata görə, bununla yanaşı “Əlaçı” verilişinin mövsüm finalının qalibi olan yetirməmiz hər zaman təhsil aldığı məktəbin seçilən şagirdlərindən biri olub. O, öz savadı, çalışqanlığı, bacarığı, davranışları və dərslərinə olan tələbkarlığı ilə seçilib.
Tədris ilinin sonuna yaxın COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ölkədə ənənəvi dərs prosesinin dayandırılması və tədrisin onlayn şəkildə həyata keçirilməsi Hüseyn balamızı həvəsdən salmamış, onu özü üzərində daha da artıq şəkildə işləməsinə təşviq etmişdir. Bu uğur həm də Abşeron rayonunda təhsilin səviyyəsinin yüksək olmasının bariz nümunəsidir. Deməli, Rayon Təhsil Şöbəsi və Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin pedaqoji kollektivi tədris prosesini düzgün idarə və təşkil etmişdir. İnanıram ki, şagirdlərimizin yüksək nəticələri bundan sonra da davam edəcəkdir.
Əldə etdiyi müvəffəqiyyətə görə Hüseyn balamızı və onun valideynlərini, Rayon Təhsil Şöbəsinin kollektivini və Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin pedaqoji heyətini təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayıram.
İradə Gülməmmədova,
Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı