Bu il yeni dərs ili ənənəvi illərdən fərqli olaraq, yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, məktəblərdə dərslər yeni formatda təşkil edilib. Artıq 7 aydır ki, qapıları şagird və müəllimlərin üzünə bağlı qalan siniflər açıldı. Mart ayının əvvəlindən məktəblər, ali məktəblər, ümumiyyətlə, bütün təhsil müəssisələrinin bağlanmasının əsas məqsədi uşaqları, yeniyetmələri bütün dünyanı çənginə alan virusa yoluxmaqdan qorumaq idi. Təhsilin inkişafına mənfi təsir göstərən bu məhdudiyyətlə bağlı tədbirlər nəticəsində pandemiyanın təhsilə olan fəsadlarının böyük hissəsi aradan qaldırıldı. Dövlət başçısının istəyi və məqsədi yeni şəraitdə başlanan dərs ilinin uğurlu olması, şagird və tələbələrin yaxşı biliklər alması, müəllimlərin də öz vəzifə borcunu şərəflə yerinə yetirməsidir.
Cənab Prezidentin yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərinə müraciətində bildirdiyi kimi, hazırda postpandemiya dövrünə hazırlaşırıq: “Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən, təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaqdır”.
Çox təqdiredici haldır ki, bu il 147 məktəb, onun da 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunur. Eyni zamanda, son 2–3 il ərzində kiçik kəndlərdə modul tipli məktəblər inşa edilir. Qeyd edək ki, son 17 il ərzində Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Ölkəmizdə hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir.
Dövlət başçısının diqqəti, qayğısı və nəzarəti sayəsində bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir və ona görə də, təhsilin keyfiyyəti artır. Məktəblilərimiz beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar, olimpiadaların qalibləri olurlar. Müəllim peşəsinə maraq artdığından bu peşəni seçənlərin sayı hər il çoxalır. Çünki müəllimlərin iş şəraiti yaxşılaşıb, onların əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar. Həmçinin müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri olmuşdur. Çünki müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Bütün bu dəyərləri ailə ilə birlikdə məktəb öyrədir, müəllim anladır.
Yeni dərs ilinin başlanması bütün respublikada olduğu kimi, Abşeron rayonu müəllimlərindən də əlavə məsuliyyət tələb edir. Pandemiya dövrünün öz qaydaları, tələbləri var. Həmin tələblərə əməl etmək üçün isə, ilk növbədə, pedaqoji kollektiv buna hazır olmalı, məktəb pandemiya şəraitinin tələblərinə uyğun hazırlanmalıdır. Şagirdlərə məktəbdə davranış qaydaları, tənəffüslərdə toplaşmamaq, yaxın təmasdan qaçmaq, əllərin gigiyenasına diqqət etmək kimi vəzifələrin vacib olduğu anladılmalıdır.
Məktəbimiz 3 mərtəbəli, 1200 şagird yerlikdir. Burada 60-a yaxın müəllim şagirdlərin təlim və tərbiyəsi ilə məşğul olur. Tədris müəssisəmiz 2017-ci ilin noyabrında cənab Prezident İlham Əliyevin iştirakı ilə açılıb. 2018-ci ildən tədrisə başlayıb. Bu il ilk buraxılışımız olub.
Ənənəvi olmayan yeni dərs ilində məktəbimiz pandemiya dövrünün tələblərinə uyğun şəkildə öz qapılarını şagirdlərin üzünə açıb. Bütün ərazi – həyətdən, məktəb pilləkənlərindən başlayaraq, dəhlizlər, sinif otaqları, yeməkxana və digər istifadədə olan yerlər dezinfeksiya edilib və bu iş operativ qərargahın tələb və qaydalarına uyğun davamlı olacaq. Məktəblilərin istifadəsi üçün dezinfeksiyaedici məhlullar alınıb.
Məktəbimizdə dərslər Təhsil nazirinin müvafiq əmrinə əsasən əyani olaraq həftədə 2 dəfə təşkil olunacaq. Ötən tədris illərindən fərqli olaraq, koronavirus pandemiyası ilə əlaqədar bu il bütün məktəblərdə olduğu kimi bizim təhsil ocağında da tədris hibrid dərs üsulu ilə aparılacaq. Belə ki, dərs məşğələləri I–IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V–IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant, X–XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant formalarda başlayır.
Yeni dərs ili münasibətilə ölkəmizin pedaqoji kollektivini, eyni zamanda, şagirdləri və valideynləri təbrik edir, həmçinin onları operativ qərargahın insanların sağlamlığına hesablanmış, virusdan qorunmaq məqsədilə verdiyi tələblərə əməl etməyə çağırıram.
Səlim MƏMMƏDOV,
Abşeron rayonu, Masazır kənd 5 saylı məktəbin direktoru