Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycana 10 il rəhbərlik etmiş Abşeronlu

Tarix:26-01-2016, 12:46

Azərbaycana 10 il rəhbərlik etmiş Abşeronlu 2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illiyi tamam olur.Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərmiş və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında mühüm xidmətləri olan akademik Vəli Axundovun 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar 2016-cı il.


Fəhlə ailəsindən başlayan yol

O, 1916-cı il mayın 14-də Abşeron rayonunun Saray qəsəbəsində fəhlə ailəsində anadan olmuşdu.
1929-cu ildə orta məktəbi, 1931-ci ildə isə Biləcəri stansiyasındakı fabrik-zavod sənət məktəbini V.Axundov daha sonra Bakı Sənaye Texnikumunda kimya şöbəsini bitirib.
1937-ci ildə isə Azərbaycan Tibb İnstitutuna daxil olub, 1941-ci ildə bu ali məktəbi bitirib. V.Axundov 1941-1945-ci illər Böyük Vətən müharibəsində 20-ci atıcı diviziyanın tərkibində bir həkim kimi adi həkim-əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlib, Rusiya, Belorus, Almaniya, Çexoslovakiya ərazisində gedən döyüşlərdə iştirak edib.

1946-cı ildə ordudan tərxis olunan V.Axundov bir müddət müxtəlif vəzifələrdə çalışıb.

1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə isə Bakı Vilayəti səhiyyə şöbəsinin müdiri olub.

1953-1954-cü illərdə V.Axundov Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifəsində işləyib. V.Axundov 1954-1958-ci illərdə Azərbaycan SSR səhiyyə naziri vəzifəsində çalışıb.

O, 1958-ci il fevralında Azərbaycan KP MK katiblərindən biri seçilib, bir qədərdən sonra – 1958-ci ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib.

10-cu rəhbər

1959-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilən V.Axundobv respublikanın 10-cu rəhbəri olur. O, bu vəzifədə düz 10 il çalışıb.

Vəli Axundovun Azərbaycana rəhbərlik etdiyi dövr - 1959-cu ilin iyulundan 1969-cu ilin iyulunadək - Sovetlər İttifaqının, о cümlədən Azərbaycanın həyatında çox gərgin və mürəkkəb bir dövr olub. O zaman Stalinin ölümündən sonra Xruşşovun hakimiyyəti dövründə Sovetlər İttifaqının həyatında çoxlu dəyişikliklər gedirdi.
Vəli Axundovun birinci katibliyi Xruşşov hakimiyyətinin ikinci 5 illik mərhələsinə düşmüşdü.
Xruşşov hakimiyyətinin birinci 5 illik mərhələsində Azərbaycana İmam Mustafayev rəhbərlik etmişdi.

Hamı Axundovdan sərtlik gözləyirdi, amma...

Vəli Axundovun birinci katibliyə başlayanda Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi Azərbaycan Respublikasında millətçilik meyllərinin mövcud olması haqqında qondarma bir qərar qəbul etmişdi. Halbuki, о vaxt Azərbaycan ittifaqda ən beynəlmiləl bir respublika idi, burada azərbaycanlılarla yanaşı, ruslar, ermənilər və digər millətlərin çoxsaylı nümayəndələri yaşayırdı.

Tarixçi ailm, professor Cəmil Həsənli Vəli Axundov haqqında yazır ki, o, millətçiliyə görə cəzalandırılıb vəzifədən uzaqlaşdırılan komandanın içindən çıxmışdı. Millətçiliyə qarşı Azərbaycan hakimiyyətini gücləndirmək fonunda hakimiyyətə gəlsə də, V.Axundov onilliyi sovet şərtləri daxilində milli diriliyin oturuşduğu bir mərhələ idi.

”Hakimiyyətə gələndə hamı Axundovdan sərtlik gözləyirdi. Lakin Stalinin hələ XX qurultayda lənətlənən çəmdəkinin movzaleydən çıxarılması, stalinizmin külünün göyə sovrulması yerlərdə ümid çırağını şölələndirmişdi. Ondan sərtlik gözləyənlərə Axundov xəbər göndərmişdi ki, onsuz da, bu millət otuz il Stalinin çəkmələri altında tapdanmışdır, bir az imkan vermək lazımdır ki, rahat nəfəs alsın. Bu “rahatlığın” nəticəsi kimi Bəxtiyar Vahabzadənin “Gülüstan”ı və İsmayıl Şıxlının “Dəli Kür”ü meydana çıxdı. Əliağa Vahid öz gözəl qəzəllərinin çələngində Fəxri xiyabanda sakinləşdi”.

Göstəriş vermişdi ki, Azərbaycan dilində yazsınlar...

C.Həsənli bildirir ki, V.Axundov kimi istedadlı, hazırlıqlı, mədəni və geniş dünyagörüşə malik bir kadrın irəli çəkilməsi Azərbaycanın ondan öncəki rəhbəri İmam Mustafayevin xidməti olaraq dəyərləndirilməlidir. Hələ, səhiyyə naziri işlədiyi dövrdə, 1956-cı ildə Ali Sovetin “Azərbaycan dili” haqqında fərmanından sonra səhiyyə naziri Vəli Axundov rəhbərlik etdiyi sahədə hamıya göstəriş vermişdi ki, xəstəlik tarixlərini Azərbaycan dilində yazsınlar və tibb sahəsində yazışmaları milli dildə aparsınlar.
”O, bir siyasi rəhbər kimi Nəriman Nərimanovun vurğunu idi. Görünür, peşə etibarı ilə həkim olması da, bu vurğunluqda az rol oynamırdı. Kommunist millətçiliyinin lideri kimi 50-ci illərin ikinci yarısında Nərimanova bəraət verildikdə, səhiyyə naziri Vəli Axundov 1957-ci ilin aprel ayında Azərbaycan Dövlət Tibb İnstitutunun N.Nərimanovun adına verilməsi barədə İ.Mustafayevə məktubla müraciət etdi”.

Bu məktuba əsasən 1957-ci ilin aprel ayının 27-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri M.İbrahimov Tibb İnstitutuna N.Nərimanovun adının verilməsi barədə fərmanı imzaladı.

Qabaqcadan planlaşdırılmayan 1-ci katib seçimi

Tarixçi alim bildirir ki, Vəli Axundovun Azərbaycan KP MK-nın birinci katibi seçilməsi qabaqcadan planlaşdırılmamışdı. Lakin 1959-cu ilin payızında Sov.İKP MK-nın partiya orqanları ilə iş şöbəsi müdirinin müavini general İ.Şikin başda olmaqla Moskvadan Azərbaycana göndərilən yoxlama brigadsı respublikanın altını üstünə çevirmişdi. Bu yoxlamada əsas məqsəd millətçiliyin güclənməsi ilə bağlı faktları aşkara çıxarmaq idi.

”1956-cı ilin avqust ayında Azərbaycan konstitusiyasına ana dili haqqında maddə əlavə edildikdən sonra respublikada günü-gündən güclənən milli özünüdərk prosesinin bütün məqamları yoxlama briqadası tərəfindən araşdırılmışdı. Maraqlı burasıdır ki, Şikin komissiyasının arayışında kəskin tənqid edilən rəhbər işçilərdən biri də Vəli Axundov idi. Komissiya hələ onun səhiyyə naziri işlədiyi dövrdə xəstəlik tarixlərinin Azərbaycan dilində yazılmasına göstəriş verilməsindən tutmuş, Nazirlər Sovetinin sədri olan vaxt 1959-cu ilin mart ayında rus məktəblərində Azərbaycan dilinin tədris edilməsi haqqındakı məruzəsinə qədər hər şeyi təftiş etmişdi.

Həmin ilin mart ayının 25-də Azərbaycan SSR Ali Sovetinin sessiyasıda V.Axundov “Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və Azərbaycan SSR-də xalq maarifi sistemini daha da inkişaf etdirmək haqqında” geniş məruzə ilə çıxış etmişdi. V.Axundov deyirdi: “Məktəblərimizdə uşaqlar rus dili ilə yanaşı olaraq Azərbaycan dilini öyrənirlər. Bu fənnin öyrənilməsi nəinki sovet xalqları arasındakı qardaşlıq və dostluğun sübutudur, həmçinin böyük əməli əhəmiyyətə də malikdir. Rus məktəblərində oxuyan şagirdlərin xeyli hissəsi Azərbaycanda anadan olmuşdur, məktəbi bitirdikdən sonra öz ata-anaları kimi respublikanın xalq təsərrüfatının müxtəlif sahələrində işləyəcəklər. Ünsiyyət vasitəsi olmaq etibarilə Azərbaycan dilini bilmək onlar üçün son dərəcədə vacibdir. Buna görə də dərs planlarında rus məktəblərində Azərbaycan dilinin öyrənilməsi nəzərdə tutulur”.
V.Axundovun məruzəsindən sonra İ.Mustafayev başda olmaqla büro üzvləri İ.Abdullayevin otağında toplaşıb yenidən məsələni müzakirə etmişdilər. Mərkəzi Komitənin birinci katibi İmam Mustafayev, Ali Sovetin Rəyasət Heyətinin sədri İlyas Abdullayev və Nazirlər Sovetinin sədri Vəli Axundov öz çıxışlarında bildirmişdilər ki, indiki şəraitdə rus məktəblərində Azərbaycan dillərini könüllülük əsasında öyrətmək mümkün deyil, onlar belə qərara gəlmişdilər ki, rus məktəblərində Azərbaycan dili icbari qaydada öyrədilməlidir və bu, qanunla təsbit edilməlidir. Bu müzakirələrdən sonra Ali Sovetin sessiyası “Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi və Azərbaycan SSR-də xalq təhsilinin sonrakı inkişafı haqqında” qanunu qəbul etdi”.

1958-ci ilin noyabrında “Azərbaycan Kommunist partiyasının tarixi” kitabının müzakirəsinə həsr olunmuş Bakı müşavirəsində Sov.İKP MK yanında Marksizm-Leninizm institutunun direktor müavini N.Şataqin Azərbaycan KP MK-nın şöbə müdiri Şıxəli Qurbanovun millətçi çıxışından İ.Mustafayev və V.Axundova şikayət etsə də, onlar heç bir tədbir görməmişdilər. Belə şəraitdə heç kəs gözləmirdi ki, Vəli Axundovu respublika partiya təşkilatına rəhbər təyin etsinlər.

Lakin 1959-cu ilin iyun ayının sonlarında Azərbaycan rəhbərliyi tam heyətdə Moskvaya dəvət edildikdə hamı narahatçılıq içərisində idi. Bununla belə respublika rəhbərliyində təmsil olunanlar Nikita Xruşşovun İmam Mustafayevə isti münasibətini nəzərə alıb, onun vəzifədən azad ediləcəyinə inanmırdılar. Məhz elə, Xruşşovun “etimadına” ümid edən Mustafayev Şikin komissiyasının iddihamlarının əsassız olduğunu sübut etməyə cəhd göstərməsi onun taleyini həll etdi. İyul ayının ilk günlərində Sov.İKP MK katibliyində və Rəyasət Heyətində Nikita Xruşşov belə qənaətə gəldi ki, Mustafayevi birinci katib vəzifəsində saxlamaq olmaz.

”Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə o, Vəli Axundovun adını çəkdi. İ.Şikin komissiyasının hazırladığı arayışda Vəli Axundov haqqında çoxlu tənqidi məqamlar olduğu üçün Xruşşovun təklifi nəinki Azərbaycan rəhbərliyi, hətta Rəyasət Heyətinin üzvləri üçün gözlənilməz oldu. Sov.İKP MK Rəyasət Heyətinin üzvü Nurətdin Mühitdinovun iştirakı ilə bir həftə sonra keçirilən Azərbaycan KP MK-nın IX plenumunda Vəli Axundov 43 yaşında respublika partiya təşkilatının birinci katibi seçildi”.

Vəli Axundov Xruşşovun qəzəbinə gəlmiş adamlara vəzifə verib


C.Həsənli yazır ki, 1964-cü ildə Nikita Xruşşov sovet rəhbərliyindən kənarlaşdırıldıqdan sonra Vəli Axundov onun qəzəbinə gəlmiş, bir tərəfdən millətçiliyə, digər tərəfdən isə, kosmopolitizmə görə yüksək vəzifələrdən uzaqlaşdırılmış istedadlı adamların demək olar ki, hamısını rəhbər vəzifələrə qaytardı. 1959-cu ildə Xruşşovun “faşistlərdən də qatı millətçi” adlandırdığı Mirzə İbrahimova məhz Vəli Axundovun ciddi təkidi ilə 1961-ci ildə Azərbaycanın Xalq yazıçısı fəxri adı verildi və N.Xruşşov sovet rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra o, Axundovun təqdimatı ilə 1965-ci ildə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi seçildi. 1961-ci ildə bilavasitə Nikita Xruşşovun şəxsi göstərişi ilə Azərbaycan KP MK-nın şöbə müdiri vəzifəsindən uzaqlaşdırılmış Şıxəli Qurbanov 1966-cı ildə məhz Vəli Axundovun təşəbbüsü ilə yenidən MK-da daha yüksək vəzifəyə, ideoloji məsələlər üzrə katib vəzifəsinə qaytarıldı.

O, Heydər Əliyevə də xarakteristika vermişdi

“Bu, dövlət təhlükəsizliyi orqanlarının başında kimin, daha doğrusu, hansı millətin nümayəndəsinin dayanması ilə bağlı məsələ idi. Respublikada bu təşkilatın başında dayanan sonuncu azərbaycanlı Novruz Rizayev olmuşdu. Əgər təkcə soyadlarına diqqət yetirilsə, 1930-cu ildən etibarən Azərbaycanda təhlükəsizlik orqanlarına Frinovski, Aqrba, Sumbatov, Rayev, Yemelyanov, Quskov, Kopılov, Kardaşev və Sviqun başçılıq etmişdi. Vəli Axundovun təşəbbüsü və təkidləri nəticəsində 1930-cu ildən sonra ilk dəfə 1967-ci ilin iyununda respublika təhlükəsizlik orqanlarının rəhbərliyinə milliyyətcə azərbaycanlı gətirildi. Bu azərbaycanlı az sonra nəinki Azərbaycanın taleyində, eləcədə SSRİ həyatında mühüm rol oynamış Heydər Əliyev idi. Heydər Əliyev Moskvaya təsdiqə gedəndə Vəli Axundov onunla bağlı çox parlaq bir xarakteristika imzalamışdı, SSRİ-nin partiya və hökumət rəhbərlərindən şəxsən onu qəbul edib dinləməyi xahiş etmişdi”.

1996-cı ildə Vəli Axundovun 80 illik yubileyini qeyd edəndə H.Əliyev həmin illəri xatırlayaraq deyirdi: “Mən o illərdə, yəni Vəli Axundov respublikaya rəhbərlik etdiyi illərdə onunla birlikdə, onun rəhbərliyi altında işləmişəm. Bilirsiniz ki, mən Dövlət Təhlükəsizliyi Komitəsində işləmişəm və iş prosesində onunla sıx əlaqədə olmuşam. Bəzən onun dərdini də hiss edirdim, çətinliklərini də. Onun ürək ağrısını görür, hiss edirdim. Bunların bəziləri obyektiv xarakter daşıyırdı, bəziləri də işlərin görülməsi üçün bəlkə də onun özünün lazımi imkanı olmamasından irəli gəlirdi”.

Pişəvərinin məzarı


V.Axundov respublika rəhbərliyinə gəldikdən sonra 1947-ci ildə müəmmalı şəkildə avtomobil qəzasında həlak olmuş və gizli şəkildə Buzovna qəsəbəsindəki vərəm dispanserinin həyətində dəfn edilmiş Cənubi Azərbaycan milli hökumətinin başçısı S.C.Pişəvərinin məzarını Fəxri xiyabana köçürməyə Moskvadan icazə ala bildi. 21 Azər hərəkatının və Cənubi Azərbaycanda milli hökumətin qurulmasının 15 illiyi ərəfəsində Azərbaycan Demokrat Firqəsinin MK-sı 1960-cı ilin fevral ayında respublika rəhbərliyindən Pişəvərinin məzarının Fəxri xiyabana köçürülməsinə, onun seçilmiş əsərlərinin nəşr edilməsinə, Bakı şəhərinin küçələrindən və ya müəssisələrindən birinin S.C.Pişəvərinin adına verilməsinə yardımçı olmasını rica etmişdi. Lakin Sov.İKP MK SSRİ ilə İran arasında münasibətləri gərginləşdirəcəyini bəhanə edərək Pişəvərinin seçilmiş əsərlərinin nəşrini və hər hansı küçə və ya müəssisəyə onun adının verilməsini məqsədəuyğun saymadı. Məzarın köçürülməsinə isə V.Axundov razılıq ala bildi və 1960-cı ilin mart ayının 22-də Azərbaycan KP MK bürosu S.C.Pişəvərinin məzarının Fəxri xiyabana köçürülməsi haqqında qərar qəbul etdi. 1965-ci ildə isə V.Axundov Pişəvərinin seçilmiş əsərlərinin nəşrinə də icazə ala bildi və Bakı küçələrindən biri də onun adını daşımağa başladı.

Şıxəlu Qurbanovun ölümü

Məhz V.Axundov birinci katib işlədiyi dövrdə Azərbaycanda bir sıra digər səs-küylü hadisələr də baş verir.
1964-cı ildə Leonid İliç Brejnev Sov.İKP MK Baş katibi seçilir. Nəticədə Sov.IKP MK-nın keçmiş Baş katibi Nikita Xruşşovun adamı sayılan Vəli Axundovun da Azərbaycan KP MK-nın birinci katibi postundan uzaqlaşdırılması məsələsi gündəmə gəlir.
Bəzi məlumatlara görə, Azərbaycanda humanistliyi və insanpərvərliyi ilə özünə böyük hörmət qazanmış, ixtisasca həkim olan V.Axundov özü də tutduğu vəzifədən gedib, ixtisası üzrə işləmək istəyirmiş.
Amma L.İ.Brejnev onu yaxşı tanıdığından, etimad göstərərək, işini davam etdirməsini məsləhət bilib. Eyni zamanda Moskva tərəfindən V.Axundovdan xahiş olunur ki, birinci katib vəzifəsinə layiq bildiyi şəxslərin siyahısını tərtib edib mərkəzə göndərsin.
Məlumatlara görə, V.Axundov 16 nəfərdən ibarət tərtib olunmuş siyahıda AKP MK-nın ideologiya üzrə katibi, 41 yaşlı Şıxəli Qurbanovun adını birinci göstərir.

1967-ci ilin aprel ayında Ş.Qurbanov Moskvaya çağırılır və o Sov.IKP-nin MK-nın ideologiya üzrə katibi Suslovun kabinetində Sov.IKP MK-nın kadr işləri üzrə katibi Kapitonovun iştirakı ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə əlaqədar söhbətdən keçirilir. Keçmiş sovet quruluşu dövründə bir qayda olaraq respublikaların birinci katibi vəzifəsinə namizəd görülmüş şəxs Moskvaya Sov.IKP MK-ya çağırılıb yoxlama söhbətindən keçməli idi.
O zaman Azərbaycanda xalq da Şıxəli Qurbanovun Moskvanın “testindən” keçəcəyini gözləsə də bu baş vermir.
1967-ci ildə məhz Vəli Axundovun razılığı və Şıxəli Qurbanovun təşəbbüsü ilə sovet quruluşu dövründə yasaq edilmiş Novruz bayramının ilk dəfə olaraq rəsmi, dövlət səviyyəsində, yüksək təntənə ilə qeyd edilməsi Moskvanı qıcıqlandırır.
Şıxəli Qurbanov rəsmi Moskvanı Novruz bayramının dini bayram olmadığına inandıra bilsə də, tezliklə onun müəmmalı ölümü baş verir.

1-ci katiblikdən vitse-prezidentliyə...

Vəli Axundov belə çətin bir dövrdə on il respublikaya rəhbərlik etdi.

Arxiv sənədləri sübut edir ki, hələ o vaxtlar da ermənilər Qarabağ məsələsini qaldırıblar. Ermənilər Moskvadakı himayədarlarının köməyilə Azərbaycanın Ermənistanla sərhəd rayonlarındakı bəzi torpaqlarımızı öz torpaqları kimi əllərinə keçirməyə çalışıblar.

14 iyul 1969-cu ildə Azərbaycan KP MK plenumu çağırılır. Plenum V.Axundovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad edərək, Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin etmək barədə qərar çıxarıb.

1969-cu ildə birinci katib postundan uzaqlaşdırılan V.Axundov 3 il Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini tutub.

Vəli Axundov 1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Baş redaktor: Şamo Əliyev

Azərbaycanın mövcud resursları Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır
Azərbaycanın mövcud resursları Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır
Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir
Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir
Yeni Azərbaycan Partiyası ölkənin perspektiv inkişafında mühüm rol oynayır
Yeni Azərbaycan Partiyası ölkənin perspektiv inkişafında mühüm rol oynayır
Abşeron ümumtəhsil müəssisələrində imtahanqabağı silsilə tədbirlər keçirilib
Abşeron ümumtəhsil müəssisələrində imtahanqabağı silsilə tədbirlər keçirilib
Abşeronda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
Abşeronda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
Xocalıda soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Memorial Kompleksin təməli qoyuldu
Xocalıda soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Memorial Kompleksin təməli qoyuldu
Novruz bayramı ərəfəsində Abşeron rayonunda abadlıq-təmizlik işlərinə başlanılıb
Novruz bayramı ərəfəsində Abşeron rayonunda abadlıq-təmizlik işlərinə başlanılıb
Abşeronda şəhidlərimiz anılıb, müalicə alan qazilərimizə baş çəkilib
Abşeronda şəhidlərimiz anılıb, müalicə alan qazilərimizə baş çəkilib
Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı
Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı
Abşeron rayonunda silsilə tədbirlər keçirilib
Abşeron rayonunda silsilə tədbirlər keçirilib
Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməli və bu faciəni törədənlər ədalət məhkəməsinə çəkilməlidirlər
Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməli və bu faciəni törədənlər  ədalət məhkəməsinə çəkilməlidirlər
Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir yerdə olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək
Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir yerdə olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək
Abşeron rayonundan 5000 kitab əsgərlərə göndərilib
Abşeron rayonundan 5000 kitab əsgərlərə göndərilib
Növbədənkənar Prezident seçkilərində qalib xalq qalib liderinə səs verdi
Növbədənkənar Prezident seçkilərində qalib xalq qalib liderinə səs verdi
Şəhid kəşfiyyatçı-kapitan Veysəl Musibovun anadan olmasının 35-ci ildönümü qeyd edilib
Şəhid kəşfiyyatçı-kapitan Veysəl Musibovun anadan olmasının 35-ci ildönümü qeyd edilib
Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında hüquqları bərpa edilməlidir
Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında hüquqları bərpa edilməlidir
Azərbaycanda həyata keçirilən gənclər siyasəti ölkədə gənc nəslin ictimai-siyasi həyatındakı rolunu artırdı
Azərbaycanda həyata keçirilən gənclər siyasəti ölkədə gənc nəslin ictimai-siyasi həyatındakı rolunu artırdı
Abşeronda istifadəyə verilən yeni uşaq bağçasının bütün əməkdaşları şəhid və qazi ailələrinin üzvləridir
Abşeronda istifadəyə verilən yeni uşaq bağçasının bütün əməkdaşları şəhid və qazi ailələrinin üzvləridir
Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsinin dondurulmasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur
Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsinin dondurulmasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur