Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Tarixə silinməz iz salan Qobu kəndi

Tarix:18-10-2014, 16:18

Tarixə silinməz iz salan Qobu kəndi


Türk komandanı Nuru Paşanın yolu buradan keçib

Abşeronun qədim kəndlərindən biri olan Qobu tarixin önəmli hadisələrinə şahid olan bir məkandır. Şubanı dağlarının arasından keçən uzun bir yol bu tarixi kəndə gedir. Bakıdan 22 km məsafədə - Şubanı dağlarının əhatəsində yerləşən, təxminən 700-ə yaxın yaşı olan Qobu adının mənası “çökəklik, düzən” deməkdir. Kəndin 15 minə yaxın əhalisi var. Onların bir hissəsi 1937-ci ildə Qubadan, Şamaxıdan, Gədəbəydən köçüb gələnlərdir.

Qobu haqqında maraqlı hadisələrin sayı-hesabı yoxdur. Kənddə hər kəsin yaxşı tanıdığı məşhur bir ev var. Bu, Kərbəlayi Qasımın evidir. Bu həmin şəxsdir ki, hələ 1918-ci ilin yayında Bakı uğrunda həlledici döyüşlərə hazırlaşan Qafqaz Islam Ordusunun komandanı Nuru Paşa onun evini özünə qərargah kimi seçib. Ordunun yüksək rütbəli məmurları evin ikinci mərtəbəsində, Kərbəlayi Qasım isə ailəsi ilə birgə birinci mərtəbədə yaşayıblar. Deyilənlərə görə, ingilislərin nəzərindən yayınmaq üçün Nuru Paşa gecələr evdə çıraq, lampa yandırmağa icazə vermirmiş. Nuru Paşanın Qobuda yaşadığı müddətdə evin gəlinlərindən birinin körpəsi dünyaya gəlir. Nuru Paşa aşağı mərtəbədəki səs-küyün səbəbini öyrənib, heç vaxt yandırmadığı lampalardan birini aşağı göndərir. Kərbəlayi Qasım Paşanın bu hərəkətinə təəccüblənir. Lampanı gətirən şəxs “Paşam dedi ki, qoy körpə gözlərini işıqlı dünyaya açsın”- deyir.

Beləliklə, Bakı uğrunda həlledici döyüşlərə hazırlaşan Qafqaz Islam Ordusu bir müddət Qobu kəndində təlim keçib. 1918-ci ildə kənd erməni-daşnak qüvvələrinin köməyə çağırdığı ingilislərin hücumuna məruz qalıb. O vaxtlar xilaskar türk ordusu kəndlilərə köməyə çatana qədər kəndin say-seçmə kişiləri Məşədi Hilalın, Qoçu Adilin rəhbərliyi altında daşnak-bolşevik, ingilis quldurlarının qabağını almağa müvəffəq olublar. Sonra Qoçu Adilin qəhrəmanlığından xəbər tutan Nuru Paşa ona silah bağışlayıb.


Kəndin adıyla bağlı nə qəribə əhvalatlar, nə də tarixi hadisələr bitib-tükənmir. Deyilənə görə, Stalin bir zamanlar bu kəndin sakini Molla Niftəlinin evində gizlənib. Bu məsələnin rəvayət olduğunu söyləyənlər, “dahi rəhbər”in başqa kənddə gizləndiyini deyənlər də var. Amma Stalinin vaxtilə həbs təhlükəsindən Bakıya qaçdığını nəzərə alsaq, onun bura “sığınma” ehtimalı həqiqətə daha yaxın görünür.

Kənddə məşhur olan əhvalatlardan biri də iki qoçunun düşmənçiliyinə son qoyan maraqlı hadisə haqqındadır. Qobuda keçirilən toyların birində bərk yağış yağır. Qoçu Adil palçıqlı yoldan keçə bilməyən bir qoca qarıya “ana, gəl min belimə, səni evinə aparım” deyir. Qarı isə “oğlum Qoçu Əhəd buna pis baxar, səni öldürər” deyir. Qoçu Adil qarını belinə alıb evinə çatdırır. Qarı yolboyu ondan adını soruşur. Evə çatanda qarı “oğlumun xasiyyəti pisdir, adını de, yoxsa səni öldürər” deyir. Nəhayət, adını deyəndə qarı bilir ki, bu adam oğlu Qoçu Əhədlə qan düşməni olan Qoçu Adildir. Lakin qarının oğlu Qoçu Əhəd bu əhvalatı biləndə xoşuna gəlir və Qoçu Adillə düşmənçiliyə son qoyulur.

Qobunu fərqləndirən özəlliklər

Qobuluları Abşeronun başqa kəndlərinin əhalisindən fərqləndirən bir sıra xüsusiyyətlər var. Əsas fərqli xüsusiyyət danışıq ləhcəsindəki fərqdir, həmin ləhcə Abşeronda yalnız qobululara məxsusdur. Qobulular “gələcəyəm” sözünü “gələtdi”, “gedəcəyəm”i “gedətdi”, “biləcəyim”i “bilətdi” kimi ifadə edir. Yəni bu kəndin sakinlərinin ləhcəsində işlədilən fellər “-ətdi, -itdi, -atdı, -utdu” sonluğu ilə bitir. Kəndin 10 min nəfərə yaxın əhalisinin əksəriyyətini yerlilər təşkil edir.

Kəndin tarixi abidələri də kənardan gələnlərin diqqətini xüsusi cəlb edən məkanlardır. Qəsəbə Sofu Həmid piri, Qırxqızlar piri, Nişangah qala adlı tarixi yerləri ilə məşhurdur. Deyilənlərə görə, dağın ətəyində yerləşən Qırxqızlar pirindən hər cümə günü su çıxır. Qobunun ən məşhur tarixi abidəsi inşası XIX əsrə aid olan hamamdır. Hamam zamanında Hacı Kazım tərəfindən inşa edilib.

Yaşlı nəsil qəsəbədə tarixi abidələrin çoxunun söküldüyünü söyləyir. Deyilənə görə, Sovet dövründə çox tarixi abidələr məhv edilib. Dağıdılan abidələrin daşları ilə qəsəbəyə yol çəkiblər. Hətta o nəslin nümayəndələri analarının buradakı məşhur Hacı Kazım kəhrizindən su daşıdıqlarını belə gözəl xatırlayır. Qobu eyni zamanda bir çox məşhur filmlərimizin çəkiliş meydanı olub. “Bakıda küləklər əsir”, “Mən vulkana doğru gedirəm”, “Mehman” kimi filmlər məhz bu qəsəbədə çəkilib.

Əvvəllər Qobuda 50 ev vardı, indi isə 3000 ev var. Burada əhalinin əsas məşğuliyyəti digər Bakı kəndləri sakinlərinin fəaliyyətindən fərqlənmir - əkinçilik və maldarlıq. Yalnız bir fərqləri var - onlar həm də dəvəçiliklə məşğuldur. Azərbaycanda ən böyük dəvəçilik təsərrüfatı Qobuda yerləşir. Kənddə dəvə sovxozu var.

Qobulular adət-ənənələrinə bu gün də sadiqdir. Toy mərasimində kişilər və qadınlar ayrı-ayrılıqda oturur. Özəlliklə Novruz bayramını qədim adətlərə söykənərək qeyd edirlər. Hər bir gəlin 100 yaşı olsa belə bayram günündə ata evindən pay gözləyər. Qobu camaatı üçün dəvəsiz Novruz keçmir. Qəsəbədə 3 məktəb,3 məscid, uşaq bağçası,Qobu sənətkarklıq evi və Qobu Mədəniyyət evi, bir xəstəxana fəaliyyət göstərir.

Keçmişdən bu günə uzanan yol

Qobu kəndindən bir çox ruhanilər, ziyalılar çıxıb ki, onlardan Şeyx Əbdülhüseynin, Şeyx Əliməmmədin, Mirzə Abdullanın, Mirzə Cəbrayıl və başqalarının adlarını çəkmək olar. Qobunun Böyük Vətən Müharibəsində iştirak edən 400 sakinindən 4 kişi və 1 qadın sağ qalıb. Qarabağ döyüşlərində isə 7 qobulu şəhid, 6-sı da əlil olub. Deyilənə görə, Qobuda analoqu olmayan bir layihə həyata keçiriləcək. Yeni Zooloji Park burada salınacaq. Parkın ərazisinin 230 hektar olması nəzərdə tutulub. Burda təkcə Azərbaycanın deyil, digər ölkələrin də bitki və heyvanat aləmi ilə tanış olmaq mümkün olacaq. Parkda tikiləcək binaların üzərində Qobustan qayaüstü rəsmləri, paleontoloji materiallar, orta əsr miniatür sənəti nümayiş etdiriləcək. Hazırda kənddə 3,5 hektar ərazini əhatə edən yeni idman kompleksi və bir yeni məscid inşa olunur.
Abşeronun məşhur palçıq vulkanlarından biri Qobu-Bozdağı vulkanı da Bakıdan 15 km şimal-qərbdə, Qobu kəndindən 3 km şimal-şərqdə yerləşir. Palçıq vulkanı Bozdağ yüksəkliyi bəndinin mərkəzində yerləşir. Bu qruplardan biri Qobu kəndindən şimalda eyni adlı dağın təpəsində, digəri isə birincidən 800 - 1000 m şərqə doğru yerləşmişdir. Krater bəndi üzərində 7 iri və 5 kiçik sönmüş sopka var.

1827-ci ildən 1957-ci ilədək vulkan 5 dəfə, 1902-ci il Şamaxı zəlzələsi vaxtı isə dəhşətli alovlu partlayışla püskürüb.

Baş redaktor: Şamo Əliyev

Tarixə silinməz iz salan Qobu kəndi
Tarixə silinməz iz salan Qobu kəndi

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident