Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını etməsi, Cəbrayılda Qumlaq stansiyasının, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlini qoyması böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edir. Zəngilanın azad olunduğu gündən iki il sonra hava limanının açılış mərasiminin keçirilməsi həm rəmzi, həm də tarixi məna daşıyır. Bütün dünyaya sülh mesajı verən liderlər haqlı olaraq bildirdilər ki, Zəngilan Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın dirçəliş dastanının yazıldığının bariz nümunəsidir.
Ölkəmizin inamlı Qələbəsinə diqqət çəkən Prezident İlham Əliyev iki il öncə, Zəngilan azad olunduqdan bir neçə gün sonra Qubadlının erməni işğalından azad edildiyini və Azərbaycan Ordusunun bir qruplaşmasının Laçın, digər qruplaşmasının isə Şuşaya istiqamətləndiyini xatırlatdı. Noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edilib, Azərbaycan Bayrağı qaldırılıb və ondan sonra Ermənistan təslim olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu şanlı tarixi Azərbaycan və Türkiyənin müştərək tarixi olduğunu qeyd edib.
Qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstəyi savaşın son gününə qədər davam etdi. Türkiyə-Azərbaycan birliyi bu gün bərpa edilən Qarabağ və Zəngəzurda yenə də görünür. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış məcburi köçkünlərin maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün misilsiz layihələr gerçəkləşdirilir.
İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulub. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpünün tikilməsi planlaşdırılır, onların bir qismi inşa edilib. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görülür.
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olunmasına mühüm töhfələr verir.
Keçən ilin iyun ayında bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi ilə iki dövlət arasında müttəfiqlik münasibətləri keyfiyyətcə yeni, daha yüksək səviyyəyə yüksəlib. Çox doğru olaraq bu sənəd qardaş ölkələr arasında münasibətlərin perspektivləri üçün yol xəritəsi kimi dəyərləndirilir. Möhkəm zəmin üzərində qurulan gələcək əməkdaşlıq beynəlxalq müstəvidə fəaliyyətlərin uzlaşdırılmasını, siyasi, iqtisadi-ticarət, humanitar-mədəni əlaqələrinin möhkəmləndirilməsini, ümumiyyətlə həyatın bütün sahələrini əhatə edəcək. Bəyanatda müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapıb. Bu, indiki geosiyasi reallıqlar fonunda müstəsna önəm daşıyır. Azərbaycan və Türkiyə dünyaya bəyan ediblər ki, bundan sonra da hər zaman bir yerdə olacaqlar və bir-birinin təhlükəsizliyinin təmin olunmasında yer alacaqlar.
30 il əsarətdə qalmış torpaqlarımız iki ildir çiçəklənmə dövrünə qədəm qoyub. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərini heç bir xarici maliyyə dəstəyi olmadan yenidən qurur və bərpa edir. İcra olunan meqalayihələrin çərçivəsi çox genişdir. 2021-ci ildə Füzulidə Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, qısa zaman kəsiyində Zəfər yolunun tikilməsi və hazırda işğaldan azad olunmuş ərazilərdə salınan yüksək standartlara uyğun avtomobil, dəmir yolları, yaradılan enerji infrastrukturu regionun gələcəyinin necə olacağı ilə bağlı qabaqcadan təsəvvür formalaşdırmağa imkan verir.
Qısa müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda böyük miqyasda bərpa və quruculuq işlərinin həyata keçirilməsi bir daha Azərbaycan dövlətinin qətiyyətinin, iradəsinin və qüdrətinin nümayişidir.
Xudakərim Əhmədov
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Abşeron filialının sədri