Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bu gün Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 95-ci ildönümü tamam olur

Tarix:10-12-2019, 14:48

Bu gün Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 95-ci ildönümü tamam olur


Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzri 1924-cü il dekabrın 10-da soyuq bir qış günündə Bakıya yaxın kəndlərdən birində Xırdalanda dünyaya göz açıb. 2007-ci ilin yanvarın 15-də yenə soyuq bir qış günündə Bakıda vəfat edib.

Bu gün şair, nasir, dramaturq, publisist, tərcüməçi, Dövlət mükafatı laureatı, Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 95-ci ildönümü tamam olur.

Uşaqlıq, ibtidai məktəb illərindən şair olmaq istəyini bildirmişdi. “Günəş” adlı ilk ciddi şeirini isə 16 yaşında qələmə almışdı. Bu şeir sanki Günəş kimi onun yaradıcılıq yoluna işıq salır. 20 yaşında isə bir müsamirədə gənc şairin oxuduğu şeir böyük ürək sahibi Səməd Vurğunun nəzərindən qaçmır, istedadını kəşf edir və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947 -1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949 -1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış, istedadına görə, o dövrün Moskva və Ümumittifaq ədəbi mühitində hər kəsə müyəssər olmayan bir tanıtım sahibi olmuşdur. Bakı, Abşeron torpağının yetirməsi kimi dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957-1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958 -1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971 -1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.

Nəbi Xəzrinin yaradıcılığı müasir poeziyanın parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən çox Azərbaycan ədəbiyyatına xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir.

Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. N.Xəzri XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindədir. Onun imzası hələ gənc yaşlarından diqqəti cəlb etməyə başlayıb.

İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Nəbi Xəzrinin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Şair “İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Torpaq, sənə and içirəm”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi” və başqa kitabların müəllifidir.

Ədibin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə ediblər. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri teatrlarımızda uğurla tamaşaya qoyulub, müəllifinə dramaturq kimi də şöhrət qazandırıb.

Nəbi Xəzri öz şeirlərində yalnız Azərbaycanın deyil, dünya xalqlarının dərdlərini qələmə almışdır. Şairin poeziyasının əsasında insan konsepsiyası durur. Bu insan dünyanın hər bir ölkəsində insandır. Müasir dövrdə Yer kürəsi eyni dərdlərlə çırpınır. Ona görə də Nəbi Xəzri hər hansı bir xarici dünyanı qələmə alanda, hər hansı bir xarici ölkədən yazanda da, orada Azərbaycanı görür, incə və zərif lirika, mənalı təbiət mənzərələri, fəlsəfi düşüncələr, vətəndaşlıq pafosu ilə aşılanmış etiraflar bir-birinə qovuşur, bir-birini tamamlayaraq zəngin və bütöv poetik obraz, bədii panoram yaradır.

Şair nədən yazırsa-yazsın, onun şeirinin ruhu, canı, mayası Azərbaycan olub. Hətta uzaq mətləblərə toxunanda, başqa məmləkətləri təsvir edəndə belə misraların arxasında ana yurdun gözəlliyi dayanıb.

Dünyalar içində bir ayrı dünyam -

Azərbaycan!

Yuxusuz ömrümdə bir sirli röyam -

Azərbaycan!

Sonsuz kainatda təkcəm, yeganəm -

Azərbaycan!

Bir ayrı nağılım, ayrı əfsanəm -

Azərbaycan!

Bir ayrı düşünəm, ayrı xəyalım -

Azərbaycan!

Ayrılıq sonunda şirin vüsalım -

Azərbaycan!

Dillərdə nəğməyə dönən, efirlərdə nəğmə olaraq səslənən bu şeir də onundur:

Əgər ki, yıxılsam, çinar göstərin,

Mən ona söykənib arana baxım.

Gözlərim görməsə, Göy gölü verin,

Mən onun gözüylə cahana baxım.

Hər yerdə, həmişə

Sənsən gümanım.

Canım-gözüm mənim

Azərbaycanım!

Başqa bir məqamı xatırladaq… Nəbi Xəzrinin digər bir “Azərbaycan” şeiri var, dünya şöhrətli müğənni-bəstəkar Müslüm Maqamoyevin ifasında səslənən, Müslümün bütün konsertlərinin uvertürası, vizit kartı olan məşhur “Azərbaycan” şeiri…

“Ömrümün mənasısan,

Qardaşlıq dünyasısan,

Anamın, anasısan,

Azərbaycan!

Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr verib. Poeziyasının dilinə xas olan şeiriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaradıb. Tanınmış müğənnilərimizin repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olunub.

Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən müstəqil Azərbaycanın ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

Qeyd edək ki, Nəbi Xəzrinin 90 illik yubileyi 2014-cü ildə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.

Azərbaycan ədəbiyyatında öz yeri olan Nəbi Xəzri bütün zamanların söz adamı olaraq mənsub olduğu xalqın qəlbində əbədiyaşarlıq qazanıb.

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir