Azərbaycana ilk qızıl medalı qazandıran Abşeron idmançısı Firdovsi Fərzəliyev (Video,Foto)
Tarix:18-06-2015, 20:12
“Karateyə 6 yaşımda gəlmişəm. Sinif yoldaşıma həvəslənərək, karateyə başlamışam”. Bu sözləri Abşeronxəbər-ə açıqlamasında ilk Avropa Oyunları çərçivəsində keçirilən karate yarışlarında ölkəmizə ilk qızıl medal qazandıran Abşeronlu Firdovsi Fərzəliyev deyib.
2013-cü ildən sonra böyüklər arasında yarışlara qatılan karateçimiz Avropa Oyunlarında qızıl medal qazanmasına dəstək olan müəllimlərinə təşəkkür edib: “Karateyə gəldiyimə görə peşman deyiləm, şükür edirəm ki, bu nəticələri qazanmışam. Avropa Oyunlarında qızıl medal qazanmağım ilk böyük uğurumdur. Çünki 2013-cü ildə hərbi xidməti başa vurduqdan sonra böyüklər arasında yarışlara qatılmışam. Düzdür, bir Avropa, bir də dünya çempionatında məğlub olmuşam. Allah bir tərəfdən qapını bağlayarsa, digər tərəfdən qapını açar, elə də oldu və mən bu gün Avropa Oyunlarının qalibiyəm. Buna görə müəllimlərimə minnətdarlığımı bildirmək istəyirəm. Baş məşqçiliyə əlavə olunmamışdan əvvəl şəxsi müəllimim olan Rəhman müəllimə təşəkkür edirəm. Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Federasiyanın vitse- prezidenti İlham Qasımzadəyə minnətdaram. Əlbəttə, qalib olmaq çox gözəl hissdir, bu hissi sözlə ifadə etmək mümkün deyil”.
Firdovsi Fərzəliyevi onu da vurğuladı ki, Avropa Oyunları Olimpiadadan geri qalmır. Yaradılan şəraitə görə, idmançımız Avropa Oyunları Təşkilat Komitəsinin sədrinə təşəkkür edib: “Avropa Oyunları Olimpiya oyunlarından geri qalmır. Gördüyünüz kimi, hər şey çox gözəl, yüksək səviyyədə qurulub. Buna görə, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığımı bildirmək istəyirəm. Avropa Oyunlarında qalib olmaq, Olimpiya oyunlarında qalib olmaq kimidir”.