Bu gün Qafqaz Universitetində 15 sentyabr - “Bilik günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, universitetin rektoru Havar Məmmədov, millət vəkili Aydın Mirzəzadə, müəllim və tələbə heyəti, valideyinlər, eləcə də KİV nümayəndələri iştirak ediblər.
Tələbələr qarşısında çıxış edən İ.Gülməmmədova onları “Bilik günü” və yeni dərs ilinin başlaması münasibəti ilə təbrik edib. Çıxışına Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri ilə başlayan başçı qeyd edib ki, Azərbaycanda təhsil sahəsinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. O qeyd edib ki, Azərbaycanın davamlı inkişaf strategiyasında təhsili ən vacib amillərdən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev bu sahənin inkişafına xüsusi olaraq diqqət göstərir. Yeni təhsil ocaqlarının inşa edilməsi, köhnələrinin təmir edilərək ən müasir standartlara uyğun şəkildə yenidən qurulması, təhsil işçilərinə, elm adamlarına göstərilən dövlət qayğısı bunun əyani sübutudur.
Abşeron rayonunda son 10 ildə 50-dən çox məktəb və bağçanın inşa edildiyini vurğulayan İ.Gülməmmədova bildirib ki, bu il Abşeron məktəblərini bitirən məzunlar ali məktəblər üçün keçirilən imtahanlarda uğurlu nəticələr göstəriblər. Belə ki, məzunlardan 70 nəfəri 600 baldan yuxarı bal toplayaraq ən yaxşı ali təhsil ocaqlarına qəbul olunublar.
Ölkəmizdə təhsil siyasətinin əsas missiyasının savadlı, daim öz üzərində işləyən, hərtərəfli inkişaf etmiş, vətənə, dövlətə və dövlətçiliyə sadiq kadrlar yetişdirmək olduğunu qeyd edən İ.Gülməmmədova bu yolda universitet heyətinə uğurlar arzulayıb.
Sonra rektor H.Məmmədov universitetdə 4570 tələbənin təhsil aldığını önə çəkərək bu il ali məktəvlərə verilən imtahanlarda 600-dən yüksək bal toplayan 229 abuturyentin məhz Qafqaz universitetini seçdiyini qeyd edib. O, bildirib ki, Qafgqaz Universitetinin uğurları bundan sonra da davavam etdiriləcək və təhsildə elektronlaşmaının səviyyəsi daha da yüksəldiləcək.
Daha sonra çıxış edənlər tələbələri “Bilik günü” münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıblar.