Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
18-02-2017, 12:36 Oxunub: 794

“Səni zəmanə yetirməz dübarə, bir dənəsən...”

“Səni zəmanə yetirməz dübarə, bir dənəsən...”

“Vahid əsərləri ilə mədəniyyətə, maarifə çağırış, cahilliyə etiraz edirdi”

Bu gün unudulmaz qəzəlxan, tərcüməçi, Füzuli və Seyid Əzim ədəbi məktəbinin layiqli davamçısı Əliağa Vahidin (Əliağa Məmmədqulu oğlu İsgəndərov) anadan olmasının günüdür. Şair 18 fevral 1895-ci ildə Bakının Masazır kəndində dülgər ailəsində dünyaya gəlib. Söz sərrafı özü haqqında belə deyir: “Atam Məmmədqulu dülgər olub. Özüm mollaxanada az təhsil almışam. Ehtiyac üzündən təhsilimi buraxıb tütün fabrikində çilingər şagirdi işləmişəm. Daha sonra atamın sənətini seçib, dülgərlikdə qabil ustalar cərgəsinə çıxdım”.

Amma dülgərlik o qədər də uzun sürmədi. Onu qələmə bağlayan, yaradıcılığa səsləyən ilahi bir qüvvə vardı. Bu qüvvə şairin fitri istedadı idi. Davamlı mütaliə etməsi şeirə marağını artırır, ədəbi məclislərə qatılır. Yenə şairin özü haqqında yazdıqlarından oxuyuruq: “İlk şeirlərimi Füzuli və Sabirdən təsirlənib yazmışdım. Sabirin satirikası, Füzulinin aşiqliyi məni heyran etmişdi. Şeir yazmağa 1914-cü il aralarında başladım. Ustadlarım deyirdilər, sən yaxşı şair olacaqsan. Elə düz də deyirdilər. Şairliyim pis alınmırdı”.
Vahid mollaxana təhsilini yarımçıq qoyub şəxsi mütaliə hesabına ədəbi biliklərə yiyələnir. Klassik şairlərdən bəhrələnib öz yolunu seçir, Mirzə Əbdülxalıq Yusif, Ağadadaş Müniri, Məşədi Azər kimi söz xiridarlarından əruzun sirlərini öyrənir, get-gedə öz yolunu, üslubunu yaradır. Beləliklə, XX əsr Azərbaycan ədəbiyyatında əruz şeirinin bu günümüzə körpüsü olur...
Böyük qəzəlxanın yaradıcılığına Xəzər Universitetinin kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubla nəzər saldıq.
- Mail müəllim, ədəbiyyat sizin üçün nədir və Əliağa Vahid yaradıcılığı ədəbi dünyamızda hansı mövqeyə malikdir?
- Ədəbiyyat, xüsusilə də Şərq ədəbiyyatı estetik, etik, fəlsəfi fikirləri, romantikanı özündə yaşadan və onları daha gözəl dil-üslubda təqdim edən bir sahədir. Əliağa Vahidin yaradıcılığının da burada özünəməxsus yeri var. Əliağa Vahid romantika-estetika yükünü daha çox öz üzərinə götürə bilən şairlər sırasındadır. Biz Vahidə filosof-qəzəlxan kimi yanaşa bilmərik. Çünki hər bir sənətkarı öz səviyyəsində dəyərləndirmək daha münasibdir. Vahid ilk növbədə qəzəlxandır və ona qədər bu janrda Füzuli də yazıb, Seyid Əzim də. Həmin ənənəni XX əsrdə Vahid uğurla davam etdirib.
Bir əsrə yaxındır ki, o öz şeirləri ilə tanınıb, sevilib və sevilir. Müasir dövrdə də, ötən əsrdə də xanəndələrimizin ən çox müraciət etdiyi şairlərdən biri məhz Əliağa Vahid oldu. Nəyə görə? Sadə və hər kəs tərəfindən başa düşülən dilinə görə. Bir çoxları şairin yaradıcılığını sırf meyxana adlandırırlar. Bu, tamamilə səhv yanaşmadır. Vahidin yaradıcılığına nəzər salanda görürük ki, burada romantik-poetik, estetik məzmun qabarıq şəkildə özünü büruzə verir:

Kimdə vardır, gözəlim, səndə olan cazibələr,
Sənə dünyada məgər aşiq olan da qəm elər?
Nazü-qəmzən, yerişin, şux baxışın aləmdir,
Bir də zülfün üzə töksən, o da bir aləm elər!

Bu beytlər yaradıcı insanın sevdiyi xanımı təsvir etmək üçün ən optimal üslublardan biri sayıla bilər və Vahid bunu özünəməxsus şəkildə ifadə edə bilib.
“Səni zəmanə yetirməz dübarə, bir dənəsən...”

Bir məqamı da qeyd edim ki, Vahidin qəzəllərində də “zahid” məzəmmət edilir, Füzulinin qəzəllərində də. Amma görək, iki “zahid” arasında nə fərq var. Vahidin məzəmmət etdiyi zahid bəzən dünyaya bağlı olan, eyş-işrəti sevən və ya bu həyata qarşı çıxan insanları məzəmmət edəndir, Füzuli üçün zahid fərqlidir. Füzuliyə görə, zahid arifin müqabilində olan insandır. Onda ürfan var, bunda isə yox. Əliağa Vahid romantikaya meylli olduğu üçün onun yaradıcılığında bu anlamları axtarmağa ehtiyac duyulmur. Ürfanın özü də romantikadır. Amma ilahi romantika. Vahidin yaradıcılığı yer sevgisidir. Məhz ona görə də bu sətirlərdə göy sevgisinə az rast gəlinir. Məsələn, Füzulinin “Leyli Məcnun”u insan xislətində ilahi eşq kimi təqdim edilib. Burada bir sual yarana bilər, bu sevginin özü necə, ilahi eşqə körpü deyilmi? Deməli, Vahid də bu eşqdən yazıb. Təbii ki, XX əsrdə yaşayan Vahid ürfani eşqdən Füzuli kimi yaza bilməzdi. Müəllifin bir beytinə diqqət edək:

Əsri-hazırkı gözəllikləri görmür zahid,
İndi də cəhlini gör, rövzeyi-rizvanı sevir.

Bu beytdə Vahidə görə cənnəti sevmək cahillikdir. Təbii ki, bu fikir də Füzuli fəlsəfəsinə bir o qədər uyğun deyil.
- Fikrinizdən bu qənaətə gəlinir ki, Füzuli və Vahid arasında yer-göy qədər fərq var. Amma Vahidi Füzuli məktəbinin davamçısı kimi qiymətləndirirlər...
- Düzü, mən bunu o qədər də böyük fərq kimi dəyərləndirməzdim. Fərqin özü faktdır və biz bu faktı hər iki şairin yaradıcılığında aydın görə bilirik. “Füzulinin davamçısı” fikrini isə bununla əsaslandırardım ki, Əliağa Vahid əruzu yaşadıb və müasir günümüzə qədər gəlib çıxmasında xidmətləri olub. Biz Vahid haqqında danışarkən bir nüansı da mütləq vurğulamalıyıq. O, xəlqi insan idi. Sadə idi, hər zaman insanların arasında olurdu. Füzuli və Vahidi birləşdirən məhz bu xüsuslardır. Çünki Füzuli də dərvişanə həyata meylli olmuşdu. Şairin daim xatırlanmasını, insanların zehnində qalmasını şərtləndirən əsas amillərdən biri onun xəlqi olmasıdır. Hərə öz dünyasına uyğun bir sənət, estetika yaradıb. Üslub eyni olsa da, Vahidin yer eşqindən daha çox anlayışlı olması onu insanlara daha çox sevdirdi. Səbəb isə insanların yer eşqini daha tez qavraması, anlamasıdır. Məcazi eşqi bu dünyada hər bir insan yaşaya bilir, ilahi eşq isə yalnız arif insanlara məxsus bir hisdir.
- Vahidin yaradıcılığında vətənpərvərlik mövzusu da mühüm yer tutur...
- Vahidin vətən haqqında yazdığı şeir və qəzəllərdə bütöv bir azərbaycançılığı görə bilirsən. Bu da onun yaşadığı mühitlə əlaqəli olub.
“Səni zəmanə yetirməz dübarə, bir dənəsən...”

Onun yaşadığı Bakı və ətraf kəndlərin mədəni çalarları, ruh, kolorit vətənpərvərlikdən bəhs edən nümunələrində özünü qabarıq şəkildə göstərə bilir. Belə zəngin mühit, mədəni irs rəngarəngliyi içində nəfəs alan bir insanın vətənpərvərlik mövzusunda yazmaması qeyri-mümkündür. Şairin bu mövzuda qələmə aldığı nümunələrə nəzər salarkən görürük ki, müasir postmodernist, vətənpərvərliyi özlərinə ar bilən şairlərdən fərqli olaraq, o, bununla fəxr edir. Postmodernistlər düşünürlər ki, insan vətənpərvər olanda kosmopolit ola bilməz. Amma vətənpərvər olaraq bütün dünyanı sevmək ruhunu özündə büruzə verən şairlərdən biri də elə məhz Əliağa Vahiddir. Çünki o, sözün əsl mənasında, azərbaycanlı idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra şairin yaradıcılığında yeni bir dönəm başlayır. O, təkcə şairlik etmir, “Tənqid-təbliğ” teatrının fəal üzvlərindən birinə çevrilir. Tamaşa vaxtı pərdələrarası səhnəciklərdə dövrünün məşhur aktyorları Mirzağa Əliyev və Hacıağa Abbasovla birgə satirik kupletlərlə çıxış etməsi Vahidi daha da həvəsləndirir. Eyni zamanda dövri mətbuatda onun həm lirik və həm də satirik şeirləri dərc olunurdu. Şair yaradıcılığı ilə mədəniyyətə, maarifə çağırış, cahilliyə etiraz edirdi. Onun ədəbi irsində lirika və satiranın bir-birini tamamladığının şahidi oluruq. Vətənpərvərlik mövzusunda yazdığı əsərlərindən bəlli olur ki, şair yaşadığı qarışıq dövrdə öz sözünü deməkdən çəkinməmişdir. Əsərlərini xalqının taleyi ilə bağlamış, dövrünün çətinliklərini dilə gətirmişdir.
- İnsanları belə bir sual düşündürür ki, nəyə görə Əliağa Vahidi sürgün etmədilər, repressiyaya məruz qalmadı?
- Bilirsinizmi, belə bir tezis var. Hər yalanı danışmaq olmaz, hər düzü də danışmaq gərək deyil. Əgər həmin dövrdə Vahid özünü qoruya bilibsə, yenə də bizim vətənimizin xeyrinə olub. Yazıb, yaradıb, özündən sonra əsərlər qoyub. Bir insanın repressiya olunub olunmamağı onun dahiliyinin meyarı deyil. Vahid özündən sonra ad qoyub gedibsə, sevilibsə, artıq şərhə ehtiyac yoxdur. Hər bir şəxsiyyəti olduğu kimi qəbul etməyi bacarmalıyıq. Əliağa Vahid Füzuli üslubunu saxlayıb məzmunu göydən yerə endirməyi və bununla da sevilməyi bacardı. O, müasir dövrümüzdə yaşasaydı, hər bir vəzndə yaza bilərdi. İstedadı, yazdıqları bunu sübut edir.
“Səni zəmanə yetirməz dübarə, bir dənəsən...”

* * *
1965-ci ilin oktyabr ayında bu dünyadan köçən şair qəzəllərinin bədii gözəlliyi, ifadə özünəməxsusluğu və təravəti ilə bu gün də ədəbiyyatsevərlərin qəlb aləminə hakimdir. Vahidin qələmindən süzülən bədii nümunələr Tanrının hər kəsə nəsib etmədiyi fitri istedad sayəsində ərsəyə gələn duyğu və düşüncə selidir. Biz də düşünürük ki,

Dövran dolanıb, illər, əsrlər keçəcəkdir,
Rəhmət deyəcək şanlı nəsillər sənə, Vahid!
XƏBƏR LENTİ
Bu gün, 14:29 | Abşeron Təhsil Şöbəsində görüş keçirilibBu gün, 14:24 | “Payız uşaqların gözü ilə” adlı tədbir keçirilibBu gün, 14:13 | 5 kameralı iPhone konsepti təqdim olunubBu gün, 14:11 | San-Fransisko şəhəri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edibBu gün, 14:00 | Smartfon məktubları cavablandıracaqBu gün, 13:58 | Milli Məclis bu gün növbəti iclasa toplanırBu gün, 13:51 | Azərbaycan "Qastronomiya turizmi" nominasiyasında ilk üçlüyə daxil olubBu gün, 13:48 | Zakir Həsənov Çexiyaya səfər edəcəkBu gün, 13:34 | Azərbaycanda yeni mərkəz yaradılıbDünən, 14:21 | Abşeron rayonunda fəal qadınlarla görüş keçirilibDünən, 14:06 | Hicran Hüseynova Abşeron rayonunda vətəndaşları qəbul edibDünən, 10:15 | "Azərbaycanın indiki inkişaf səviyyəsinə gəlib çıxması Prezident İlham Əliyevin planetar təfəkkürünün, geniş və yorulmaz fəaliyyətinin nəticəsidir" - Musa QasımlıDünən, 10:10 | Süni intellekt elektron ticarətə uğur qazandırırDünən, 10:04 | Bu agentlik ETSN-in tabeliyinə verilibDünən, 09:59 | Azərbaycan vətəndaşları üçün Almaniyaya viza verilməsi prosesi sadələşdirilə bilər13-10-2018, 10:37 | Gənc Parlamentarilərin Forumu keçiriləcək13-10-2018, 10:34 | Silisiumu əvəzləyəcək texnologiya hazırlanıb13-10-2018, 10:32 | Azərbaycana doluvuran qurğu gətirildi12-10-2018, 16:00 | Abşeronda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib12-10-2018, 15:47 | İradə Gülməmmədova Fatmayı kəndində vətəndaşları fərdi qaydada qəbul etdi12-10-2018, 14:49 | ABŞ Prezidentinin müşaviri Cənubi Qafqaz regionuna səfərə gəlir12-10-2018, 14:44 | Azərbaycan multikulturalizmi ABŞ-da keçirilən simpoziumda müzakirə olunub