Bu gün Abşeron RİH başcısı cənab Zakir Fərəcov hal-hazırda təqaüddə olan Mirzəbala Aslanovu qəbul edərək onu doğum günü münasibəti ilə təbrik etmişdir.
Mirzəbala Rəhimbala oğlu Aslanov 1942-ci il aprel ayının 15-də Xırdalan qəsəbəsində ziyalı ailəsində dunyaya göz açmışdır.
1958-ci ildə Xırdalan qəsəbəsindəki 92 saylı orta məktəbi bitirdikdən sonra o, Bakı Plan-İqtisad Texnikumuna daxil olmuş və plançı-mühasib ixtisasına yiyələnmişdir.
1974-cü ildə Bakı Ali Partiya Məktəbini Fərqlənmə Diplomu ilə bitirərək ali təhsil almışdır.
M.Aslanov əmək fəaliyyətinə 1958-ci ildə başlamışdır. 1958-1964-cü illərdə o, Kirovneft Neft Mədənləri İdarəsinin Quyuları Əsaslı Təmir sexində tornaçı, 1964-1970-ci illərdə kənd təsərrüfatı işçiləri həmkarlar ittifaqı Abşeron rayon komitəsində təlimatçı-mühasib, 1974-1975-ci illərdə Qobu qoyunçuluq sovxozunda azad partiya komitə katibi, 1975-1983-cü illərdə Abşeron rayon partiya komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri, rayon partiya komitəsinin katibi vəzifələrində işləmişdir.
M.Aslanov 1984 - 1985-ci illərdə “Samur-Abşeron Su Tikinti Tresti”nin əməyin təşkili və əmək haqqı şöbəsində iqtisadçı-mühəndis, 1985 - 1988-ci illərdə Abşeron rayon kinoteatr və kinoqurğuları birliyində direktor, 1988 - 1993-cü illərdə Xırdalan qəsəbə XDS icraiyyə komitəsinin sədri vəzifələrində çalışmışdır.
M.Aslanov 1993-cü ilin avqust ayının 24-dən 2013-cü ilin noyabr ayının 21-dək, yəni yaş həddi ilə əlaqədar təqaüdə çıxanadək, Abşeron rayon icra hakimiyyətində başçının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir.
O, 1976-1985-ci və 1989-1992-ci illərdə Abşeron rayon XDS-nin deputatı seçilmişdir.
Rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə o, 1982-ci ildə “Xalqlar Dostluğu” Ordeni ilə, 2006-cı ildə isə “Vətənə Xidmətə görə” üçüncü dərəcəli Ordenlə təltif edilmişdir.
M.Aslanov 2006-cı ildə müqəddəs Məkkə və Mədinə şəhərlərində həcc ziyarətində olmuşdur.
Ailəlidir. Üç övladı, yeddi nəvəsi vardır.
Biz də “Abşeron Xəbər” kollektivi olaraq Mirzəbala müəllimi doğum günü münasibəti ilə təbrik edirik.