Xalqımızın 30 il həsrətlə arzuladığı o gün nəhayət gəlib çatdı. Ölkəmizin mədəni həyatında əlamətdar hadisələr baş verdi. Ali Baş Komandanımız İlham Əliyevin siyasəti, Müzəffər Ordumuzun yenilməzliyi və qəhrəmanlığı sayəsində torpaqlarımız işğalçılardan azad edildi. Şuşa artıq hər səhər öz övladı ilə oyanıb, öz doğmalarına qucaq açır. Qədim Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Cıdır düzündə 32 ildən sonra “Xarıbülbül” musiqi festivalı keçirildi. Şuşanın rəmzi olan, əsrlərdən bəri Şuşaya gələn qonaqları öz qeyri adiliyi, füsünkarlığı ilə heyran edən Xarı bülbül dilə gəldi, pərvazlandı, açıldı. Cıdır düzündən “Bayatı Şiraz” təsnifi dağlara, dərələrə səs saldı. İncəsənət xadimlərinin birgə ifa etdikləri “Azərbaycan” mahnısı qayalarda əks-səda verdi. Bu möhtəşəm bir hissdir. Bu gün festival iştirakçıları Şuşanın torpağını öpüb, suyundan içdi, gələcəkdə bu hissləri keçirmək hər birimizə nəsib olacaq.
“Xarıbülbül” musiqi festivalının Müqəddəs Ramazan günlərində keçirilməsi, Prezidentimiz İlham Əliyev və onun ailə üzvlərinin Yuxarı Gövhərqala məscidində dua etməsi, məsciddə Ramazan bayramı ilə bağlı namaz qılınması və həmin günlər Cənab Prezidentimiz möhtəşəm bir məscidin təməlini qoyması da təsadüfi deyildir.
Əsrlərdən bəri erməni vandalları ərazilərimizdə, həmçinin Şuşada mədəniyyətimizə, abidələrimizə, məscidlərimizə qarşı etnik təmizləmə aparmışlar. Lakin doğma yerlərimiz hər daşında, qayasında öz tarixini qoruyub saxlayıb. Tarixi məlum olan, əsası Pənahəli xan tərəfindən qoyulan Şuşa isə açıq havada özündə tariximizi, türkçülüyümüzü, müsəlmançılığımızı əks etdirən bir muzeydir.
Artıq Şuşanın öz sahibləri gəlib. Bu tarixi yurd yerimizin bərpasına başlayır.
Şuşa bizim milli mənəvi dəyərlərimizdəndir. Xalqımız öz kökünə, öz milli mənəvi dəyərlərinə bağlı xalqdır.
Prezident İlham Əliyev: “Şuşanın- alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Bu bir qəhrəmanlıq dastanıdır. Yuxarıda düşmən, düşmənin topu, tankı, doğrudan misli görünməmiş bir qəhrəmanlıqdır.Şuşa qədim azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyi qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar.
Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “ Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar rəmzi məna daşıyır”. Azərbaycan öz doğma Şuşa şəhərini yenidən dirçəldir, yenidən bərpa edir, əvvəlki şöhrətini qaytarır.Bu dövr milli inkişaf, milli ləyaqət, dirçəliş dövrüdür. Ermənilər nə qədər çalışsalar da Şuşadan milli ruhu silə bilmədilər. Şuşa Pənahəli xanın dövründən milli dəyərlərə xüsusi diqqət yetirən məkan kimi tanınıb. Bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar”.
Festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Respublikamızın müxtəlif rayonlarında yaşayan ayri-ayri millətlərin nümayəndələri bu festivalda öz musiqiləri ilə çıxış etdilər.
Dilindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bu festivalda sevinc və qürur hissi ilə çıxış edərək, Azərbaycanın hər kəsin vahid vətəni olduğunu bütün dünyaya bəyan etdi.
Ermənilər münaqişənin ilk günlərindən nə qədər çalışsalar Azərbaycanda yaşayan müxtəlif dini, etnik qurumlar, icmalar arasında təfriqə yarada bilməmişdi. Çünki Azərbaycan xalqı bütün dinlərə, bütün millətlərə hörmətlə yanaşır. Azərbaycanda yaşayan etnik qruplar Azərbaycanın eyni hüquqlu vətəndaşlarıdır. Və bu qələbəmizdə bütün etnik qrupların, icmaların da payı vardır.
Prezidentimizin dediyi kimi: “44 günlük müharibə ərzində torpaqlarımızın azad olunması üçün dini icmaların nümayəndələri, vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmağına imkan vermədilər”.
Bu gün bu torpaq uğrunda canlarını fəada edən şəhidlərimizin ruhu şaddır. Artıq buradan güllə, top, tüfəng səsləri deyil, musiqi sədaları gəlir. Hər an arzu kimi təkrarladığımız: “O gün olsun Şuşada, Cıdır düzündə bayram edək” diləklərimiz yerinə yetdi. Şuşanın rəmzi olan xarıbülbülə qovuşduq. 32 ildən sonra ”Xarıbülbül” musiqi festivalı keçirdik. Bu ən-ənə artıq prezidentimiz tərəfindən bərpa olundu və bundan sonra hər il keçiriləcək.
Konsertdə təsirli məqamlardan biri də Ümummilli Liderimiz Heydər Əliyevin Qarabağla, Şuşa ilə bağlı arzuları video-çarxla səsləndirildi. Hər kəs ardı kəsməyən alqışlarla dinlədi. Sonra Prezidentimiz İlham Əliyevin dedikləri səsləndirildi: “Xoşbəxt adamam ki, Şuşanı azad etdim, ata vəsiyyətini yerinə yetirdim. Bu böyük qələbədir.Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün. Gözün aydın olsun, Azərbaycan. Əziz Şuşa, sən azadsan, əziz Şuşa biz qayıtmışıq, əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.
Festival iştirakçılarının “Qarabağ Azərbaycandır” – deyə Cənab İlham Əliyevin səsinə bir ağızdan səs verdilər.
“Qarabağ Azərbaycandır”- Şuşanın dağları əks-səda verdi.
Bəli, Ali Baş Komandanımızın uzaqgörən siyasəti nəticəsində xalqımız bu gözəl, qürürverici anları yaşadı. Bizə bu xoşbəxt anları yaşadan Prezidentimizlə qürur duyuruq. Onu hər işində dəstəkləyir, onunla fəxr edirik.
Shahla Agbulud