Azərbaycanda ardıcıl olaraq ikinci ildir ki, əhalinin pulsuz tibbi müayinəsi aparılır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən xeyirxah aksiya Abşeronda da uğurla davam etdirilir.
Tibbi müayinələrin yüksək səviyyədə aparılması üçün şəhər İcra hakimiyyətində xüsusi qərargah yaradılıb, qrafik tərtib olunub. Həmçinin müxtəlif ixtisaslı peşəkar həkimlərdən ibarət həkim briqadaları təşkil edilib.
Əhalinin tibbi müayinədən keçirilməsi rayonun 4 tibb müəssisəsi tərəfindən həyata keçirilir. (Abşeron rayon Mərkəzi poliklinikası, Abşeron rayon uşaq poliklinikası,Saray qəsəbə xəstəxanası və Mehdiabad həkim ambulatoriyası ). Qrafik əsasında rayon ərazisində fəliyyət göstərən səhiyyə ocaqlarında 314 min sakin və rayonda məskunlaşan məcburi köçkünlər pulsuz tibbi müayinədən keçəcək. . Profilaktik tibbi müayinələrin aparıldığı müəssisələr müəyyənləşdirilib və lazımi tibbi ləvazimatlarla təmin olunub. Əhali yerli telekanal və qəzetlər vasitəsilə tibbi müayinələrin aparılması barədə ətraflı məlumatlandırılıb. Bununla yanaşı, rayonun kənd və qəsəbələrində profilaktik tibbi müayinələr barədə məlumatlar yayılıb, elanlar asılıb.
Profilaktik tibbi müayinələr üçün müraciət edən hər bir pasiyent qeydiyyatdan keçirilir və həkim-mütəxəssislər tərəfindən ilkin müayinə aparılır. Tibbi göstəriş olduqda pasiyentlərə köməkçi - instrumental tibbi müayinə tətbiq edilir və lazım gəldikdə, digər mütəxəssislərlə konsultasiya olunurlar.
Fevralın 2-dən martın 1-dək 106702 nəfər tibbi müayinədən keçirilib. Müayinə zamanı 578 nəfərə ambulator və 183 nəfərə isə stasionar müalicə təyin edilib, 155 nəfər müvafiq xəstəxanalara göndərilib.Dövlətimizin başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanır, insanlar kütləvi tibbi müayinəyə böyük həvəslə gəlirlər. Müayinədən keçən insanlar xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Tibbi müayinələr davam etdirilir.