Azərbaycanın Abşeron rayonu ilə Misirin Qəlyubiyyə vilayəti arasında qardaşlaşma əlaqələri çərçivəsində Bənha şəhərində kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirilib.
Xeyriyyə aksiyası çərçivəsində müxtəlif yaş kateqoriyalarına aid 250 kimsəsiz uşaq üçün Azərbaycanın Misirdəki səfirliyi və Qəlyubiyyə vilayəti nümayəndələrinin birgə iştirakı ilə xüsusi nahar süfrəsi və əyləncəli musiqi proqramı təşkil edilib. Bundan başqa, Bənha şəhərində kimsəsizlərdən ibarət 15 cütlük üçün birgə toy mərasimi keçirilib. Yeni ailə quranlara səfirlik və EgAz (Misir-Azərbaycan) şirkəti tərəfindən cehiz hədiyyələri təqdim edilib.
Misir televiziya kanalına müsahibə verən səfir Şahin Abdullayev ehtiyacı olanlara əl tutmaq və onların problemlərinə şərik çıxmağın Azərbaycan xalqının təfəkküründə dərin köklərə malik olduğunu deyib, Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqların problemlərinə xüsusi diqqət yetirməsi haqqında məlumat verib.
Qəlyubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbdüzzahir qardaşlaşma çərçivəsində belə bir xeyriyyə aksiyasının keçirilməsinə görə Azərbaycanın Misirdəki səfirliyinə təşəkkürünü bildirib. O, Abşeron rayonu ilə Qəlyubiyyə vilayəti arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini, yeni imkanların yaradılacağını qeyd edərək Azərbaycanın çətin bir vaxtda dost Misirin yanında olmasından məmnunluğunu vurğulayıb.
Qeyd edək ki, Misirdə kimsəsiz uşaqlarla bağlı Azərbaycan səfirliyi tərəfindən keçirilən xeyriyyə aksiyaları dörd ildir davam edir.
Tədbir Misirin televiziya kanallarında və yerli mətbuatda geniş işıqlandırılıb.