Şosse velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız mayın 5-6-da Türkiyənin Ordu şəhərində təşkil olunan ölkə çempionatında uğurla çıxış ediblər. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qardaş ölkədə 9 oğlan və 1 qız velosipedçimiz mübarizə aparıb.Yeniyetmə qızların 15 km məsafəyə kriterium ötüşməsində yeganə qız idmançımız Viktoriya Sidorenko fərqlənib. O, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, idmançımız ilk yarış günündə 40 km məsafəyə qrup ötüşməsində finişi 2-ci keçmişdi.
Heyəti Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekunu olaraq komanda hesabında 3-cü olub və bürünc medala layiq görülüb.