Abşeron rayonunda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.
Bu gün rayonda daha bir sahibkarlıq obyektinin açılışı olub. Mehdiabad qəsəbəsində “Şok Market” adlanan ərzaq məhsulları mağazası rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisidir.
Açılış mərasimində iştirak edən Abşeron rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov çıxış edərək yeni marketin istifadəyə verilməsi münasibətilə qəsəbə sakinlərini və marketin əməkdaşlarını səmimi qəlbdən təbrik edib, yeni yaradılan marketə öz xeyir-duasını verib.
Qeyd edib ki, bu gün respublikamızda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Yeni müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi üçün Abşeron rayonunda sahibkarlara geniş imkanlar yaradılır, hər cür dəstək göstərilir. Ona görə də rayonumuzda bu istiqamətdə görülən işlər getdikcə artır və özəl sektor sürətlə inkişaf edir.
Mağaza sahibi rayon rəhbərliyinə minnətdarlıq edərək bildirib ki, Abşeron rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki, marketdə 53 nəfər işlə təmin olunmuşdur.
Lent kəsildikdən sonra market müştərilərin istifadəsinə verilib.
Marketin ilk günü bol müştəri ilə də diqqət çəkib. İnsanlar ərzaqların qiymətlərinin münasib olmasını müsbət qarşılayıblar.