“Sağlam bədəndə sağlam ruh olar” deyimi tam həqiqəti əks etdirir. Britaniyalı alimlər fiziki və intellektual inkişaf arasında bağlılığı araşdırmaq məqsədilə yarım milyon insanın iştirakı ilə tədqiqat aparıblar. Onlardan təxminən 1000 nəfəri psixi xəstəliklərdən əziyyət çəkənlər olub.
Mançester Universitetinin əməkdaşları tədqiqat iştirakçılarının fiziki gücünü ölçüblər. Onlar, həmçinin könüllülərə məntiq, diqqət və yaddaş üzrə bir neçə tapşırıq yerinə yetirməyi təklif ediblər. Tədqiqatlar göstərib ki, fiziki cəhətdən möhkəm insanlar tapşırıqların öhdəsindən daha yaxşı və daha tez gəliblər. Psixi xəstəliklərdən əziyyət çəkənlər isə onların rejiminə fiziki məşqlər daxil ediləndən sonra koqnitiv testləri daha yaxşı yerinə yetiriblər.
Bundan əvvəl Pensilvaniya Universiteti beynin intellektual vasitələrini necə səfərbər etməyi aydınlaşdırıb. Alimlər beynin dərin elektrostimulyasiyasına razılıq verən 11 nəfərdən ibarət qrup toplayıblar. Bütün könüllülərdə Parkinson xəstəliyi diaqnozu olub. Beynin qara substansiyası adlanan hissəsi stimulyasiyaya məruz qalıb. Bu zona hərəki fəallıq, əzələ tonusu, tənəffüs, ürək fəaliyyəti və damarların tonusunun nizama salınması üçün mühümdür.
Tədqiqatın müəllifi Qordon Baltaçın sözlərinə görə, stimulyasiyanın köməyi ilə zədə və nevroloji pozuntudan sonra koqnitiv qabiliyyətləri bərpa etmək mümkündür. Bu üsul narkomaniya və asılılığın digər növlərinin müalicəsinə də uyğundur. Stimulyasiya narkotik qəbulundan sonra yaranan məmnunluq hisslərinə olan bağlılığı pozur.