"Samsung" şirkəti Seulda keçirilən "5G Vertical Summit 2018" tədbirində beşinci nəsil mobil rabitə (5G) sahəsində yeni standartların qəbul ediləcək vaxtını açıqlayıb.
Ötən ilin dekabrında "3GPP" konsorsiumu tərəfindən "5G" standartına keçid üçün aralıq halqa qismində istifadə olunan mövcud "4G Long Term Evolution" (LTE) texnologiyalarından istifadə edən "5G Non-Standalone" (NSA) standartı təsdiq edilib. Daha sonra "5G Standalone (SA) Release 15" standartı bəyənilib.
Məlumata görə, bu istiqamətdə növbəti addım isə "5G Release 16" spesifikasiyalarının qəbulu olacaq. Burada "ağıllı" istehsalat, internetə qoşulmuş nəqliyyat vasitələri, özəl şəbəkələr və korporativ infrastrukturlar üçün standartlar təsvir olunacaq. "5G Release 16" spesifikasiyasının hazırlanmasının 2019-cu ilin dekabrında başa çatdırılması nəzərdə tutulur.