Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qardaşlaşan Abşeron və Bursa

Tarix:29-11-2013, 11:37

Qardaşlaşan Abşeron və Bursa
Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq və dostluq əlaqələrinin unikal və bənzərsiz nümunəsidir. İnsanlar arasında qohumluq əlaqələri, yaxınlıq təbii və qəbul edilsə də, dövlətlər arasındakı münasibətlərin mahiyyətinə nəzər salanda əksər hallarda daimi maraqların bəzən dostluqdan üstün tutulmasını izləmək mümkündür. Hətta ingilislərdə belə bir atalar sözü də var: "İngiltərənin daimi dostları yox, daimi maraqları mövcuddur".
Qardaşlaşan Abşeron və Bursa
Özülü ulu öndər tərəfindən qoyulan Azərbaycan-Türkiyə münasibətləri bu gün cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə uğurla inkişaf etdirilir. Dövlət başçısı bu münasibətləri yüksək qiymətləndirir: "Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır"
Bu baxımdan Azərbaycanın ən böyük rayonlarından biri sayılan Abşeronla Türkiyənin Bursa şəhəri arasındakı əlaqələrin qurulması və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Birinci dəfə 2008-ci ilin iyun ayında Bursa Bələdiyyəsi ilə Bakının Abşeron Rayon İcra Hakimiyyəti arasında "Qardaş şəhərlər"in elan olunması haqqında razılaşma əldə edildi.
Əvvəlcə onu qeyd edək ki, Prezident İlham Əliyevin böyük əməyi sayəsində regionda liderə çevrilmiş Azərbaycanın qazandığı uğurlara Abşeron rayonu da öz töhfəsini verir. Abşeron rayonu eyniadlı yarımadanın ən böyük inzibati ərazi vahididir. Rayonun iqtisadiyyatında neft və qazçıxarma, neft kimyası və kimya, ağır sənaye, qara və əlvan metallurgiya, energetika, maşınqayırma, elektrotexnika, yüngül və yeyinti sənayesi üstünlük təşkil edir. Rayon güclü yanacaq-energetika bazasına malikdir. Ölkədə hasil edilən neftin və qazın, elektrik enerjisinin xeyli hissəsi məhz bu rayonun payına düşür. Son zamanlarda yeni neft-qaz yataqlarının istismarı bu regionun strateji mövqeyini daha da gücləndirib. Xatırlatmaq yerinə düşərdi ki, bu günlər Xəzərdə kəşf edilən yeni böyük qaz yatağı da "Abşeron" adını daşıyır. Rayon həm də geniş tikinti kompleksinə, nəqliyyat və xidmət sahələrinə malikdir. Bütün bunlar Bursa ilə Abşeron rayonunun "qardaşlaşan şəhərlər" elan edilməsində rol oynayan ciddi iqtisadi amillərdir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Bursa ilə Abşeronun qardaşlığının artıq 5-ci ilə qədəm qoyduğunu vurğulayaraq bir neçə vacib məqama toxundu:
- Bizim üçün Türkiyənin tarixi bir şəhəri ilə qardaşlaşmaq qürur doğuran faktdır. Bursa Türkiyənin ən qədim şəhərlərindəndir, Osmanlı imperiyasının ilk paytaxtıdır. Burada Osmanlı imperiyasının banisi Birinci Osman Qazinin mavzoleyi yerləşir. Şəhər unikal memarlıq abidələri, qədim binalar və məscidlər ilə zəngindir. Eyni zamanda, Türkiyənin iri müasir sənaye şəhəri kimi məşhurdur. Burada "Reno" və "Fiat" avtomobil zavodları və digər sənaye müəssisələri yerləşir, geniş turizm şəbəkəsi mövcuddur. Eyni zamanda, bu şəhərin Türkiyədə "Yaşıl Bursa" kimi bir adı var. Dağlara söykənən Bursa həqiqətən də əsrarəngiz yaşıl mənzərələri ilə hamını valeh edir. Zənn edirəm ki, Abşeron rayonu ilə Bursanın qardaşlığı hər iki tərəf üçün ciddi siyasi və iqtisadi məzmun daşıyır, qarşılıqlı faydalanmağımız, inkişaf etməyimiz xalqlarımız arasında əsrlər boyu davam edən dostluq əlaqələrini daha da sıx, qırılmaz tellərlə bağlamağa zəmin yaradır.
Bursa şəhərinin "Qapalı Qaya" massivində salınan Heydər Əliyev Parkı ildən-ilə genişlənir, böyüyür. Parkın mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi ucaldılmışdır. Ulu öndərə Bursada ucaldılan abidə Türkiyənin XX əsrın türk dünyasının ən güclü siyasi xadiminin xatirəsinə göstərdiyi ehtiramın və sonsuz sevginin təzahürüdür. Sevindirici haldır ki, əvvəl o qədər də böyük olmayan park hər il genişlənir. Bir neçə il öncə parkın sahəsi 7 hektar idi, sonra 15 hektara çatdırıldı. Sonuncu səfər zamanı isə Azərbaycan nümayəndəliyi Bursada Heydər Əliyev Parkının ümumi sahəsinin 270 hektara çatmasının şahidi oldular.
Qardaşlaşan Abşeron və Bursa
Heydər Əliyevin adını daşıyan Bursa parkı Türkiyədə Azərbaycan dəyərlərini, onun siyasi liderlərini uca tutan doğma bir ocaq kimi bursalılar tərəfindən əzizlənir, məhəbbətlə qorunur. Bura sanki Azərbaycanın bir parçasıdır.
Noyabrın 11-də Azərbaycan nümayəndə heyəti Bursa şəhər Yıldırım Bələdiyyəsi başkanı Özgən Kəskin və digər şəxslər tərəfindən səmimi qarşılandıqdan sonra Uludağ qoruğunun ətəyində yerləşən Heydər Əliyev Parkını ziyarətə gəldilər, ulu öndərin abidəsi önünə əklil qoyub onun xatirəsini ehtiramla yad etdilər. Burada çıxış edənlər türk dünyasının böyük siyasi xadimi Heydər Əliyevin həyat yolundan danışdılar, Bursa-Abşeron və Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyini bir daha təsdiqlədilər.
Qardaşlaşan Abşeron və Bursa
Bursadan Ankaraya baxanda Azərbaycanı Türkiyənin qəlbində gördük
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Türkiyə Respublikasına rəsmi səfərə gəlmişdi. Maraqlısı odur ki, məhz həmin ərəfədə Abşeron rayonunun nümayəndə heyəti Bursa şəhərinə yola düşmüşdü. Bursadakı nümayəndə heyətinin üzvləri Türkiyədə Azərbaycan Prezidentinin səfərinə olan sonsuz sevgini Bursadan müşahidə etdilər. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri qardaş ölkədə böyük marağa səbəb olmuşdu. Türkiyənin bütün nüfuzlu qəzetləri Ankarada keçirilmiş mərasimlər və görüşlər haqqında xəbər və məqalələri birinci səhifələrinə çıxarmışdılar. "Hürriyet", "Star", "Sabah", "Vatan", "Milliyet", "Zaman", "Türkiyə", "Yeni Şafak", "Ortadoğu", "Bugün", "Taraf" və digər nüfuzlu qəzetlər Azərbaycan Prezidentinin rəsmi səfərinə geniş yer ayırmışdılar. Bir sözlə, Türkiyə mətbuatı Azərbaycan Prezidentinin səfərini çox qiymətli və hamını maraqlandıran hadisə kimi geniş işıqlandırdılar. Bütün görüşlər və mərasimlər NTV, "CNN Türk", "HaberTürk", "Sky", TRT Haber, TGRT, Kanal-24 və digər televiziya kanallarında canlı yayımlandı. Türkiyənin paytaxtında keçirilən görüşlər və mərasimlər haqqında xəbər və fotoreportajları Türkiyənin "Anadolu", "İhlas", DHA, "Cihan" xəbər agentlikləri ildırım sürəti ilə yayımladılar.
Abşeron RİH-in başçısı Zakir Fərəcov Bursada olduqları müddət ərzində Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşləri Türkiyənin özündə izləməyin böyük təəssüratlar doğurduğunu deyir:
- Bu görüş Türkiyənin ictimai-siyasi həyatında yaddaqalan bir hadisədir. Prezident Abdullah Gül bəyanatında demişdir: "Mən cənab Prezident İlham Əliyevə Türkiyənin ən yüksək ordeni olan "Dövlət nişanı"nı təqdim etdim. Cənab Prezident isə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adını daşıyan "Heydər Əliyev" ordenini mənə təqdim etdi. Bütün bunlar iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin, şübhəsiz ki, ən yaxşı nümunələrindən biri oldu". Azərbaycan Prezidenti İlham Əliyev isə bəyanatında Türkiyənin son illər ərzində keçdiyi böyük və uğurlu yoldan, Türkiyənin dünya miqyasında böyük güc mərkəzinə çevrilməsindən danışdı: "Türkiyə nəinki bölgə məsələləri ilə, dünyada gedən proseslərlə bağlı öz prinsipial mövqeyini göstərir və Türkiyənin yanaşmasından, mövqeyindən çox şey asılıdır. Bu, bizi sevindirir, ruhlandırır. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaqdır".
Biz Türkiyədə bir daha hiss etdik ki, Azərbaycan Prezidentinin dediyi kimi, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən sıx bağlı olan ölkələrdir. Bizdə olan qarşılıqlı anlaşma, bir-birinə olan dəstək çox nadir xarakter daşıyır. Türkiyənin dəstəyi Azərbaycanın gücünü daha da artırır. Azərbaycan Prezidenti İlham Əliyev onu da qeyd etdi ki, bu gün bizi birləşdirən və artıq regional çərçivələrdən çıxıb, qlobal müstəviyə daxil olan layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrini müzakirə etdik: "Onların hər biri böyük bir hadisədir, böyük uğur gətirən layihələrdir. Ancaq Türkiyə və Azərbaycan birliyi, dostluğu sayəsində biz bu layihələrin reallaşmasına nail ola bilmişik. Bu gün biz daha da irəliyə baxırıq. Bu gün qarşılıqlı sərmayə qoyuluşu məsələləri uğurla öz həllini tapır və Azərbaycanın xaricdəki ən böyük sərmayələri təbii ki, Türkiyəyə yatırılan sərmayələrdir. Bu proses artıq davam edir və növbəti beş il ərzində Türkiyə iqtisadiyyatına 15-17 milyard dollar həcmində Azərbaycan sərmayəsi qoyulacaqdır".
Səfər çərçivəsində Abşeron rayon nümayəndə heyəti yeni təyin olunmuş Bursa səhər valisi Şahabəddin Harput və bələdiyyə üzvləri ilə görüşdü. Nümayəndə heyəti Bursa şəhərinin memarlıq abidələri, şəhərdə gedən abadlıq-quruculuq işləri, su-kanalizasiya sistemləri, park və xiyabanlarda aparılan işlərlə yaxından tanış oldu.
Bursa şəhərində yaddaqalan hadisələrdən biri də Bursa İşıqlar Əskəri Hərbi Hava Liseyinin rektoru, Hava Pilot Kurmanı Albayı İşhak Dayıoğlu ilə görüş oldu. Hərbi lisey barədə ətraflı məlumat verildi, yüksək qonaqpərvərlik göstərildi, burada təhsil alan 20 azərbaycanlı tələbə ilə görüş keçirildi.
Zakir Fərəcov Bursada və hərbi məktəbdə aldığı təəssüratlara belə yekun vurdu: "Ulu öndər Sovet İttifaqının ən güclü ali məktəblərinə təhsil almağa minlərlə azərbaycanlı göndərsə də, təəssüflənərdi ki, imkanı olsaydı onları Türkiyədə, Avropada oxudardı. Ulu öndərin bu arzusunu da Azərbaycan Prezidenti İlham Əliyev reallaşdırdı. İndi Türkiyənin və dünyanın aparıcı universitetlərində minlərlə azərbaycanlı təhsil alır. Moskvada vaxtilə oxuyan milli kadrlar necə ulu öndəri Moskvada görəndə sevinirdilərsə, Bursa Hərbi Hava liseyindəki gənclərimiz də Azərbaycan Prezidentinin Ankaraya gəlişinə elə sevinirdilər. Öz ölkəsinin uğurları ilə fəxr edən gənc şahinlərimizin ən əlçatmaz yüksəklikləri fəth edəcəyinə inam hissi ilə beləcə Türkiyədən ayrıldıq".
Baş Redaktor: Əliyev Şamo

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır