Novxanı 28 saylı körpələr-evi uşaq bağçasında Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Öncə bağçanın kollektivi və körpə fidanlar bağçada düzənlənən Xocalı guşəsinə gül dəstələri qoyublar. Anım tədbirində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan bağçanın müdirəsi Səfa İbrahimova ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. S.İbrahimova vurğulayıb ki, Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmışlar. Bağçanın müdirəsi həmçinin deyib ki, bu gün eyni siyasət Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Fondun Rusiya nümayəndəliyi tərəfindən həyata keçirilir.
Anım mərasimində bağçanın balaca fidanları faciəyə həsr olunmuş şeirlər söyləyiblər.