20.04.2018-ci il tarixdə Abşeron rayon Xırdalan şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasında qruplar arası əyləncəli idman yarışı keçirilib. Tədbiri giriş sözü ilə açan bağçanın müdirəsi Könül İbrahimova bildirib ki, keçirilən idman yarışı fiziki tərbiyənin tərkib hissəsi olmaqla şəxsiyyətin hərtərəfli inkişafının mühüm vasitəsidir. Şəxsiyyətin mühüm mənəvi keyfiyyətlərindən biri olan fiziki tərbiyə uşaqların səhətinin mühafizəsi və möhkəmləndirilməsinə, onların mükəmməl fiziki inkişafına yönləndirilmiş, elmi cəhətdən əsaslandırılmış vasitələrlə uşaq orqanizminin düzgün inkişaf etdirmə prosesidir. Elə bağçada verilən idman aylığının əsas məqsədi də uşaqlara öyrənmə həvəsini idmana olan marağı stimullaşdırmaqdan ibarətdir. Bu yarışların məqsədi odur ki, uşaqlar yarışın nə demək olduğunu öyrənib, qalibiyyətin zövqünü yaşasınlar. Qalib olmaq üçün çalışırlar, amma zaman – zaman qalibiyyət də var, məğlubiyyət də. Uşaqlar bunların fərqini anlayırlar, hiss edirlər.
Çıxışlardan sonra bağçanın tərbiyəçisi Yeganə Hüseyinovanın təşkilatçılığı ilə hazırlanan yarışda bağçanın balaca fidanları 2 qrupa bölünərək müxtəlif estafetlərlə yarışıblar.İdman tədbirində bağçanın “Qaranquş” və “Qərənfil” komandaları mübarizə aparıblar.
Komandalararası yarış 4 mərhələdə keçirilib.
Hər yarış arası bağçanın balaca fidanları hazırladıqları bayram şeirləri və rəqsləri ilə idmançıları ruhlandırıblar.
Yarışa məktəbəqədər təhsil müəssisənin müdirəsi, bağçanın metodisti və Dünya Tv-nin xəbərlər departamentinin rəhbəri hakimlik ediblər.
Müxtəlif yaş qruplardan olan uşaqlar yarışlarda öz məharətlərini göstərərək həm əyləniblər, həm də yeni bilik və bacarıqlar qazanıblar.
Balacaların yarışda xüsusi fəallığı və əzimkarlığı hamı tərəfindən rəğbətlə və alqışlarla qarşılanıb.
Bir-birindən maraqlı və əyləncəli idman növləri üzrə yarışan komandaların sonda yekun qiymətləndirilməsi aparılıb.
Hakimlər tərəfindən on ballıq sistem üzrə qiymətləndirilən idman tədbirində “Qaranquş” komandası “Qərənfil”komandasını xal etibarı ilə üstələyərək yarışın qalibi olub.
Sonda yarış iştirakçıları bağçanın müdirəsi K.İbrahimova tərəfindən kubok, diplom və qiymətli hədiyəllərlə təltif olunub və birlikdə xatirə şəkli çəkdirilib.
Şamo Əliyev