Xırdalan şəhər 1 saylı körpələr evi-uşaq bağçası "Əlvida bağça, salam məktəb!” adlı buraxılış tədbiri keçirib. Tədbirin açılışı ilk olaraq xorun ifasında bağçanın himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra balaca fidanlar vətənə, müəllimə, ana dilimizə, təbiətə, sülhə həsr edilən şeirlər söyləyiblər. Tədbirdə həmçinin uşaqların iştirakı ilə hazırlanmış xarici rəqslər nümayiş etdirilib. "Anam mehribanım Azərbaycanım”, "Biz məktəbə hazırıq” və s. kimi mahnıların ifası tədbiri daha da maraqlı edib.
Bağçanın direktoru Vüsalə Məşədiyeva çıxış edərək qürur hissi ilə bağçanın qazandığı uğurlardan danışıb.Bağçanın fəaliyyətində müəllim kollektivinin əməyinin xüsusi olduğunu vurğulayıb. Direktorun çıxışından sonra uşaqlar müəllimlərinə hazırladıqları şeir parçalarını ifa edib və onlara gül dəstələri hədiyyə ediblər.
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı Samirə İsmayılzadə uşaqları məktəbə getmələri münasibəti ilə təbrik edib, onlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb.
Tədbirin sonunda tədris ilində 1 saylı körpələr evi uşaq bağçasında təhsil aldığı müddətdə təlimdə qazandığı uğurlara və qrupun tədbirlərində göstərdiyi fəallığa görə balaca fidanlar tərifnamə və hədiyyələr ilə təltif olunublar.
Tural Kazımlı