Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 18 saylı uşaq bağçasının 25 balaca sakini sentyabrın 15-də qəsəbənin ümumtəhsil məktəblərində birinci sinfə qədəm qoyacaq. Bu münasibətlə bağçada “Əlvida bağça – Salam məktəb” adlı musiqili-əyləncəli tədbir keçirilib.
Tədbiri giriş sözü ilə bağçanın müdiri Aygün Həsənova açaraq balaca fidanları və onların valideynlərini təbrik edib.
Uşaqları məktəbə getmələri münasibəti ilə təbrik edən Abşeron Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov, onlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb. S.Qasımov ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər və Abşeron rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat verib, bağçanın pedaqoji kollektivinə uğurlar arzulayıb.
Bağçanın zövqlə bəzədilmiş akt zalında fidan məzunlar bir-birindən maraqlı rəqs nömrələri, səhnəciklər göstərərək, şeirlər söyləyərək həmin günü unudulmaz xatirəyə çeviriblər.