Ölkə üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1122 nəfəri Bakı Mühəndislik Universitetini seçib. Ötən il isə 772 tələbə universitetdə oxumağa üstünlük vermişdi.
Bu il 551 tələbə dövlət sifarişli, 571 tələbə ödənişli əsaslarla, 487 tələbə isə ingilis dilində olan ixtisasları seçib. Ümumilikdə cari ildə universiteti seçən tələbələrdən 138-i 600-dən çox bal toplayıb ki, onlardan da 122-si ingilisdilli ixtisaslara, 16 nəfəri isə Azərbaycan dilində ixtisaslara qəbul olunub.
600 baldan yuxarı nəticə göstərən tələbələr əsasən kompüter mühəndisliyi, informasiya texnologiyaları, mühasibat uçotu və audit, kimya mühəndisliyi, maliyyə, mexanika mühəndisliyi, biznes işinin təşkili və idarəedilməsi, dünya iqtisadiyyatı, riyaziyyat və informatika müəllimliyi və digər ixtisasları seçiblər.