Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirilir.
116 ölkədən 780 nəfərdən artıq nümayəndənin iştirak etdiyi sessiyanın iştirakçılarına Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini və müasir inkişafını əks etdirən müxtəlif dillərdə hazırlanmış kitab, jurnal və digər çap məhsulları təqdim edilib.
Sessiya komitənin sədri seçilən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə işə başlayıb.
Nazir deyib ki, builki sessiya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyinə təsadüf edir.
Son onilliklər ərzində qeyri-maddi mədəni irsin əhəmiyyətinin tanınması və Qeyri-Maddi Mədəni İrs üzrə 2003-cü il Konvensiyası dünyada geniş auditoriya tərəfindən qəbul olunur. Bu Konvensiya 195 ölkənin 155 üzvü tərəfindən yüksək göstərici ilə qəbul edilib və onun 10 illik yubileyinin bu ilə təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırıb: “İnanırıq ki, sessiyada müzakirə olunacaq məsələlər, qəbul olunacaq qərarlar dünyada sülhün daha da möhkəmlənməsinə təkan verəcək”.
Baş nazirin müavini Elçin Əfəndiyev tədbirin Bakıda keçirilməsini yüksək qiymətləndirib. Daha sonra Azərbaycan prezident İlham Əliyevin sessiyaya ünvanlanan təbrik məktubunu oxuyub.
Tədbirdə UNESCO-nun baş direktoru İrina Bokovanın videomüraciəti səslənib. O, müraciətində bu istiqamətindəki fəaliyyətində Azərbaycanın gördüyü işləri yüksək dəyərləndirib. O bəyan edib ki, Azərbaycan Böyük İpək Yolunda mədəniyyət mərkəzi kimi böyük tarixə malikdir.