Abşeron rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirləri davam etdirir.Yanvarın 15-də Abşeron rayon Uşaq Gənclər İnkişaf Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş rəsm sərgi təşkil edilib. Sərgidə Mərkəzin “Rəsm” dərnəyinin üzvlərinin və Abşeronun ümumtəhsil məktəblərinin yeniyetmə rəssamlarının ümumxalq hüzn gününü əks etdirən 100-dən çox rəsm əsəri nümayiş etdirilib.
Abşeron RİH-nin nümayəndələrinin, Rayon Ağsaqqallar Şurasının sədrinin, Abşeron Gənclər və İdman İdarəsinin rəisinin, ziyalıların, ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb. Anım tədbirində çıxış edən Mərkəzin direktoru Aytən Rüstəmova, Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev və Abşeron Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev xalqımızın azadlıq mübarizəsindən, 30 il əvvəl Bakıda törədilən qanlı hadisənin səbəbləri və ağır nəticələrindən danışıblar. Bildirilib ki, 20 Yanvar xalqımızın tarixinin həm hüzn, həm də şərəf günü, hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Çıxışlardan sonra sərgiyə baxış keçirilib.