Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin kollektivi Gürcüstanda səfərdə olub
Tarix:23-09-2015, 19:46
Sentyabrın 22-də Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı Mədəniyyət Mərkəzində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 130 illik yubileyi qeyd olunub.
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Kvemo Kartli-Borçalı bölgəsinin qubernatorluğunun, Marneuli icra hakimiyyətinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatorunun müavini Nuqzar Salia, Bakının Abşeron rayonunun Xırdalan şəhər Musiqi Məktəbinin direktoru İkram Manafov və başqaları çıxış edərək Gürcüstan ilə Azərbaycan arasındakı dostluq münasibətlərindən, mədəniyyət və digər sahələrdəki əlaqələrin inkişaf perspektivlərindən danışıblar. Bildirilib ki, dünya şöhrətli bəstəkar Ü.Hacıbəylinin yubiley tədbirlərinin Gürcüstanın bölgələrində keçirilməsi ölkələrimiz arasındakı dostluq münasibətlərinin yüksək göstəricisidir.
Yubiley tədbirlərinin azərbaycanlıların yığcam yaşadıqları Qardabani və Bolnisi rayonlarında da təşkil olunacağı bildirilib.
Tədbir Xırdalan şəhər Musiqi Məktəbinin kollektivinin ifasında konsert proqramı ilə davam edib.
Kollektiv Ü.Hacıbəylinin əsərlərindən parçalar ifa edib.
Qeyd edək ki, Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbi ilə Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzi arasında əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.