Bu gün - 1 oktyabr Beynəlxalq Ahıllar günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur.
Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.
Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.
Redator: Ayşə Bayramova