Oktyabrın 17-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Abşeron rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Abşeron rayonundaki “N” saylı hərbi hissəsində “18 oktyabr – Müstəqillik günü” münasibəti ilə əsgərlərlə görüş keçirilmişdir. İlk öncə Dövlət Himnimiz səsləndi.
Əsgərlər qarşısında çıxış edən Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyev 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin qəbul etdiyi “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını mühüm tarixi hadisə olduğunu bildirərək bu gün münasibəti ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısı xanım İradə Gülməmmədovanın adından əsgər və zabitləri təbrik etdi
Əsgər Əmirəliyev qeyd etmişdir ki, gördüklərimiz bizi sevindirdi. Sevinirik ki, sizin kimi igid övladlarımız Vətənə şərəflə xidmət edirlər.Ə.Əmirəliyev xatırlatmışdır ki, ordu quruculuğu üçün bu gün ölkədə çox böyük işlər görülür. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Azərbaycan ordusunun qüdrətlənməsi məsələsinə xüsusi diqqət yetirir.
Belə görüşlərin keçirilməsinin çox vacib olduğunu vurğulayan Ə.Əmirəliyev bildirmişdir ki, bu bizim son səfərimiz deyil. Biz rayonumuzdan kənarda olan hərbi hissələrdə də tədbirlər keçirəcəyik. İstərdik ki, bir çox təşkilatlar da bizə qoşulub əsgərlərimizi sevindirsinlər, onlara mənəvi dayaq olsunlar.
O həmçinin qeyd edib ki,Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın dayağı, gələcəyi adlandıran ulu öndər gənclər siyasətini dövlətin ən öndə vəzifələrindən biri hesab edərək gənclərlə iş sahəsini daima önə çəkmiş,onların ictimai-siyasi həyatda layiqli yer tutmalarına çalışmışdır.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov qeyd etmişdir ki, Azərbaycan ordusunun döyüş qabiliyyəti gündən-günə yüksəlir. Bu da dövlətimizin başçısının, Ali baş komandanın Silahlı Qüvvələrə göstərdiyi qayğının nəticəsidir. Prezidentimiz ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, əsgər və zabitlərin xidmət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.
Daha sonra çıxış edən “N” saylı hərbi hissənin komandanlığı vurğulayıb ki, biz son illər ərzində ən müasir texnikaları almışıq Yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik olan silahlardır. Son illərdə yüzə yaxın döyüş helikopteri, onlarla döyüş təyyarəsi, hava hücumuna qarşı ən müasir qurğular alınmışdır. Bu zirehli maşınlar, ən müasir tanklar, ən müasir artilleriya qurğuları düşmənin istənilən nöqtəsini məhv etməyə qadirdir. Ordumuza bu cür qayğı hərbi qulluqçularımızı düşməni hər an məhv etməyə ruhlandırır və vətənpərvərlik hissi artırır.
Bir qrup zabit və əsgərə xidmətdə fərqləndiklərinə görə Gənclər və İdman Nazirliyinin diplomları verilmiş, hərbi hissəyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Gənc müğənnilərin ifa etdikləri şux mahnılar şəxsi heyətdə xoş ovqat yaratmışdır.
“N” saylı hərbi hissənin komandanlığı ordu ilə ictimaiyyət arasında əlaqələrin möhkəmləndirilməsində töhfəsinə görə Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyevi və Nazirliyin əməkdaşlarını fəxri fərmanla təltif etmişdir.
Baş redaktor: Şamo Əliyev