15 mart 2017 -cı il tarixdə Xırdalan şəhər 23 saylı Uşaq bağçası və Körpələr evində xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə tədbir keçirildi.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov, Abşeron informasiya agentliyinin rəhbəri Anar Nağıyev, şəhər sakinləri, valideyinlər iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə bağçanın həyətində düzəldilmiş Novruz bayramına həsr olunmuş sərgiylə tanış oldular.Sərgidə çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlara tamaşa edildi.
Tədbirdə İcra Hakimiyyətinin əməkdaşı Seymur Qasımov çıxış edərək Novruz bayramı münasibəti ilə qonaqları və bağçanın kolektivini təbrik etdi və hər bir ailəyə bol-bol ruzi-bərəkət, sevincli günlər arzuladı. S. Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində rayonumuzun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını qeyd edərək, bildirdi ki, bundan sonra da digər bölgələrimiz kimi rayonumuzun da sosial iqtisadi həyatında daha çox nailiyyətlər əldə olunacaqdır. Hazırda rayonda bir çox sahələrdə tikinti, abadlıq və quruculuq işləri aparılır, yeni infrastruktur layihələr icra olunur.2017-cı il də xalqımız üçün nailiyyətlərlə zəngin bir il olaraq yadda qalacaqdır.
Novruz bayramının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayan İcra hakimiyyətinin rəsmisi bildirdi ki, qoy baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq gətirsin.
Sonra bayram tonqalı alovlandırıldı.Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli balaca oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazandılar. Rus və Azərbaycan bölməsinin uşaqları Novruz bayramına aid olan şerlər söylədilər. Çərşənbələr haqqında səhnəciklər təqdim olundu. Hakışta deyən balacalar, milli geyimlərdə rəqslər etdilər. Sonra uşaqlar Bahar bayramına aid olan meyxananı söylədilər.
Bayram şənliyi Bahar qızının meydana daxil olması ilə daha da canlandı. Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdirdilər, milli adət-ənənələrimizi əks etdirən ayin və mərasimlər canlandırıldı, fidanlar rəqs edərək mahnılar oxudular.
Bu gün Novruz bayramı,
Gəlib yurda, yuvaya.
Gülür şadlanır hamı,
Şam atılır havaya.
Gur tonqallar qalanır,
Uşaqlar dövrə vurur.
Göydə tüstü bulanır,
Burum-burum tor qurur.
Əllərdə papaq, torba,
Körpələr qaçışırlar.
Şadlıq edir el, oba,
Ürəklər uçuşurlar.
Novruz bayramı gəlir,
Küsüşənlər barışır.
Hər qəlbi sevda dəlir,
Könül canla yarışır.
Uşaqların sevinci,
Aşıb-daşır sel kimi.
Hər birisi dür, inci,
Qaçışrlar yel kimi.
Bitməsin bu toy, büsat,
Yurdu alsın ağzına.
Qaynasın, daşsın həyat,
Çıxaq ömrün yazına.
Bahar bayramı münasibətilə keçirilən tədbir maraqlı konsert proqramı və rəqs nümunələri ilə davam etdi.