Xaçmaz Olimpiya İdman Kompleksində Yeniyetmələrin XI Respublika oyunlarının proqramına daxil olan atletika üzrə zona yarışlarının qalibləri müəyyənləşib.
2002-2003-cü il təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən yarışların final mərhələsində 10 komandanın tərkibində 150-yə yaxın idmançı mübarizə aparıb.
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Abşeron, Qubadlı, Qobustan kollektivlərinin mübarizə apardığı birincilik Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə reallaşıb.
İki gün davam edən yarışda atletlər 60 və 300 metrə qaçış, uzunluğa tullanma, top atma və estafet mərhələlərində mübarizə aparıblar.
Yekun nəticəyə əsasən, Abşeron atletləri birinciliyin qalibi olublar. Xızı və Qusar idmançıları isə müvafiq olaraq ikinci, üçüncü yerlərdə qərarlaşıb. Zona mərhələsində ilk iki yeri tutan komanda (Abşeron və Xızı) finala vəsiqə qazanıb.
Birinciliyin final mərhələsi aprel ayında Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Şamo Əliyev