Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə “Dayaq” Mentorluq Proqramı çərçivəsində Abşeron rayonunda bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması istiqamətində hazırlanmış “Səmərəli ünsiyyət” adlı təlimat kitabçasının təbliği məqsədilə təlim keçirib.
Xırdalan şəhər Heydər Əliyev mərkəzində keçirilən təlimdə rayonda müxtəlif vəzifələrdə çalışan və bələdiyyə üzvü olan qadınlar iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva, Qadınlar Arasında Həmrəylik İctimai Birliyinin sədri, qadın problemləri üzrə ekspert Ruhəngiz Hüseynova çıxış edərək təşkil olunan tədbirin məqsəd və əhəmiyyətindən söz açıblar.
Qeyd ediblər ki, Azərbaycan bələdiyyələrində təmsil olunan qadın üzvlər üçün nəzərdə tutulmuş “Dayaq” Mentorluq layihəsi 2012-ci ildən GİZ-in yerli özünüidarəetmə proqramı tərəfindən həyata keçirilir. Layihənin əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Layihənin əsas məqsədi qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və eləcə də yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin etməkdir.
Tədbirdə iştirakçılara “Səmərəli ünsiyyət” adlı metodiki vəsait paylanılıb.