Noyabrın 16-da səhər saatlarında tur-aksiyanın Xırdalan-Gəncə-Şəmkir-Göygöl-Xırdalan marşrutunun iştirakçılarını yola salmaq üçün Abşeron Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər rayon İcra Hakimiyyətinin qarşısında toplaşıblar.
Təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirak etdikləri yolasalma mərasimində qrupun rəhbəri Könül Nəcəfova bildirib ki, layihə çərçivəsində rayon üzrə 40 şagird 4 gün ərzində Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaq. Məktəbliləri 3 müəllim, bir həkim və Rayon İcra Hakimiyyəti aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov müşayiət edəcək. Məktəblilər və müəllimlər dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərdi Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və “Nəfis çörək zavodu”na, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər.
Şamo Əliyev