Xırdalanda daha bir neçə nümunəvi məhəllə salınır
Son 3 ildə Xırdalan şəhərində çoxmənzilli yaşayış binalarının həyətlərində qanunsuz zəbt edilmiş 700-dən çox daş və ya metal torla hasarlanmış ərazi sökülərək təmizlənmiş, bəzi məhəllələrdə park və uşaqlar üçün meydança olmaqla nümunəvi məhəllə yaradılmışdır.Hazırda Xırdalan şəhərində , rayonun kənd və qəsəbələrində məhəllədaxili ərazilərdə əhalinin gəzintisi və istirahəti üçün müvafiq şəraitin yaradılması işləri davam etdirilir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə icrasına başlanılmış "Nümünəvi məhəllə" layihəsi çərçivəsində abadlıq-quruculuq işləri yüksək templə davam etdirilir. Ötən 3 il müddətində layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlər uğurla icra edilib, rayonun müxtəlif ərazilərində 60-a yaxın nümunəvi məhəllə yaradılaraq sakinlərin ixtiyarına verilib.
Rayon rəhbəri İradə Gülməmmədovanın daimi nəzarəti əsasında həyata keçirilən abadlıq, təmizlik işlərinin keçirilməsində əsas məqsəd rayon ərazisində, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, yaşayış evlərini, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, rayonu abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmaqdır.
Görülən işlərin tərkib hissələrindən biri olan “Nümünəvi məhəllə” layihəsi çərcivəsində Xırdalan şəhərində əhalinin asudə vaxtlarının xoş və səmərəli keçirmələri üçün nümunəvi abad məhəllələr yaradılır. Məhz belə həyətlərdən biri də
27-ci məhəllədə çoxmərtəbəli yaşayış binaların əhatə etdiyi ərazidə Abşeron Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına işlərə başlanılıb. Əsaslı təmir işləri çərcivəsində binaların giriş hissəsi təmir olunacaq, pilləkənlər yenidən qurularaq aqlay döşənəcək.Burada səkilərə yeni bordür daşları düzüləcək, sakinlərin istirahəti üçün geniş söhbətgah quraşdırılacaq, həyət boyunca oturacaqlar qoyulacaq.Ərazidə əsaslı təmizlik işləri aparılır, zəbt olunaraq hasarlanmış bağ sahələri, qanunsuz qaraj və digər tikililər sökülür, yeri təmizlənir, həyətə və ətraf əraziyə isə yeni asfalt örtüyü çəkiləcək.
Ərazidə yaşayan rayon sakini Vəfa Əliyeva görülən işlərin hamının ürəyincə olduğunu bildirdi: "İndi rayonun hər tərəfində abadlıq işləri aparılır. 15 ildir bu rayonda yaşayıram, amma belə genişmiqyaslı abadlıq işlərinin şahidi olmamışam. Yaşadığımız binanın arxa tərəfi bərbad vəziyyətdə idi. Orada “Nümünəvi məhəllə”nin yaradılacağını eşidəndə çox sevindik. İndi səbirsizliklə abadlıq işlərinin yekunlaşmasını gözləyirik”.
Digər rayon sakini Əli Kamalov isə qeyd etdi ki, son vaxtlar Abşeron rayonunda aparılan genişmiqyaslı yaşıllaşdırma işləri göz oxşayır: “ Xırdalanda bundan əvvəl də bir neçə nümunəvi məhəllə yaradılıb. Əksər yaşayış binalarının qarşısında mini-parklar, geniş yaşıllıqlar salınıb. Görülən işlərin nəticəsidir ki, Xırdalan şəhəri ən gözəl və baxımlı məkanlardan birinə çevrilib”.
Rayon sakini Elşad Məmmədovun sözlərinə görə, son vaxtlar rayonda görülən işlər sakinlərin arzularının reallaşmasına səbəb olur: “Abşeron rayonunda həqiqətən də böyük işlər görülür - park və bağlar salınır, Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Vaxtilə zibillə çirklənmiş ərazilər təmizlənir, yerində abad məhəllələr salınır. «Nümünəvi məhəllə" layihəsi çərçivəsində yeni zibil qutuları qoyulur. Abadlıq-quruculuq işləri çərçivəsində qanunsuz tikililər, çəpərlər sökülərək ləğv edilir”.
Şamo Əliyev