Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi və birbaşa təşəbbüsü ilə Beynəlxalq Ahıllar Günü münasibətilə Tale Yolları restoranında tədbir keçirilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov , aparatın şöbə müdirləri, ahıllar iştirak edib. Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyəti aparatın şöbə müdiri İlham Manafov Ahıllar günü münasibəti ilə tədbir iştirakçılarını Abşeron Rayon İcra Hakimiyyəti başçısı cənab Zakir Fərəcovun adından təbrik edərək respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da ahıllara böyük hörmət və diqqət göstərildiyini qeyd edib. Bildirib ki, respublikamızda ahıl insanlara dövlət qayğısının ildən-ilə artır. Beynəlxalq Ahıllar gününün ölkəmizdə 1993-cü ildən qeyd olduğunu nəzərə çatdıraraq, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, 22 iyun 2001-ci il tarixində “Ahıllara sosial xidmət haqqında” Qanun imzaladığını vurğulayıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ahıl hesab olunduğunu bildirib. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması eləcə də, siğorta hissəsinin artırılması ilə bağlı imzaladığı mütəmadi Sərəncamlar dövlət qayğısının təcəssümüdür.
Öz növbəsində Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov qeyd edib ki, Abşeron rayonunda yaşayan ahıllarımız, ağsaqqallarımız rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Bu gün ahıllarımız, ağsaqqallarımız gənc nəslin tərbiyəsində, onların hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar. Çünki, bizim ahıllarımız böyük həyat təcrübəsi keçiblər. İkinci Dünya Müharibəsinin ağrı-acılarını məşəqqətlərini çəkən ağsaqqallarımız, müharibə veteranları alman faşistlərinə qarşı fədakarlıqla mübarizə apararaq, vətənin müdafiəsinə qalxmış, əsil vətənpərvərlik nümayiş etdiriblər. Zəhmətkeş ahıllarımız, əmək qəhrəmanlarımız da az olmayıb.
Ahıllar adından çıxış edən Abşeron rayon Ağsaqqlar Şurasının sədri Nadir Ağayev onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə ahıllar adından təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycanımızın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng dövlətləri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhəti gənclərə hələ çox lazımdır.
Yaşlı nəslə, xüsusən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir.
Tədbirin sonunda Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 110 nəfər ahıla ərzaq yardımı edilib.
Baş redaktor: Şamo Əliyev