8 oktyabr 2014-cü il tarixdə FHN Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu, M. Adgözəlov adına Xırdalan şəhəri 4 №-li tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.FHN Sumqayıt Regional Mərkəzi ilə Abşeron rayon Təhsil Şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına əsasən rayonun təhsil ocaqlarında keçirilən bu silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə Sumqayıt Regional Mərkəzin, I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndələri, Abşeron rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.
Tədbirin nəzəri hissəsində “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarının təhlükəsizliyini necə təmin etməli ”, Elektriklə rəftar qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112 Qaynar Telefon Xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında Mərkəzin əməkdaşları çıxışlar etmişdir.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş etdirilmişdir. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar cavablandırıldı və onlara maarifləndirmə xarakterli təbliğat materialları, bukletlər paylanıldı.
Tədbirin praktiki hissəsində məktəbin həyətində FHN Sumqayıt Regional Mərkəzin qüvvə və texnikalarına baxış keçirilmiş, onların təyinatı və istifadəsi qaydaları haqqında tədbir iştirakçıalrına məlumat verilmişdir.
Baş redaktor: Şamo Əliyev