Azərbaycan Prezidenti İlham Əliyev vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda turizmin inkişafı istiqamətində görülən mühüm işlər nəticəsində ölkəmizə gələn əcnəbilərin sayının əhəmiyyətli dərəcədə artması vizaların verilməsi prosesinin daim təkmilləşdirilməsini zəruri edir.
Vizaların verilməsi işinin daha səmərəli təşkili məqsədi ilə Nazirlər Kabinetinə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsisteminin (bundan sonra - “Viza” altsistemi) fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə, aidiyyəti dövlət orqanlarının təklifləri nəzərə alınmaqla aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etmək; Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən bütün səfirliklərinin və konsulluqlarının “Viza” altsisteminə qoşulması; “Viza” altsistemində yaranan texniki problemlərin aradan qaldırılması, sıradan çıxmış və zəmanət müddəti bitmiş avadanlığın yenisi ilə əvəz edilməsi, altsistemin daim işlək vəziyyətdə saxlanılması üçün müvafiq texniki xidmətin və müşayiətin təşkil edilməsi; “Viza” altsisteminin mövcud proqram təminatının təkmilləşdirilməsi, altsistem vasitəsilə verilən vizalarla bağlı müfəssəl statistik təhlillərin aparılması imkanının yaradılması; Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və Azərbaycan Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsini yaxşılaşdırmaq üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi; “Viza” altsisteminin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi ilə tam inteqrasiya olunması; “Viza” altsistemi çərçivəsində yoxlama prosedurlarının təkmilləşdirilməsi və bu sərəncamda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək; vizaların verilməsi prosesinin qiymətləndirilməsi məqsədi ilə monitorinq sistemini yaratmaq; vizaların verilməsi işinin operativliyini təmin etmək məqsədi ilə Azərbaycan Xarici İşlər Nazirliyinin, habelə Azərbaycannın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin və konsulluqlarının işçilərinin ştat sayının artırılması məsələsinə baxmaq; 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin hazırlıq səviyyəsinin yoxlanılması üçün tədbirlər görmək; bu sərəncamda verilmiş tapşırıqların icrası barədə Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında vizaların rəsmiləşdirilməsi ilə bilavasitə məşğul olan əməkdaşları üçün mütəmadi treninqlərin keçirilməsini təşkil edəcək.