Bu gün Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilib.
Turun bütün görüşləri eyni gündə baş tutub.
Tura "Bakı" - "Qarabağ" oyunu ilə start verilib. "Araz Naxçıvan"ın fəaliyyətini dayandırmasından sonra 3 xalı silinərək liderliyi əldən verən Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmaqla ən azı turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qorumağa çalışacaqdı. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Bakı" isə öz meydanında qalib gəlməklə vəziyyətini yaxşılaşdırmaq niyyətində idi. Lakin səfərdə rəqibinə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" liderliyə yüksəlib.
Paytaxtın digər təmsilçisi AZAL doğma azarkeşləri önündə "Qəbələ"ni sınağa çəkib. Gərgin keçən oyunda qalib müəyyənləşməyib. Hərəyə 3 dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk edib - 3:3.
Premyer Liqanın hazırkı lideri "Neftçi" klubu isə bu tur Zaqatalaya səfər edib. Son Azərbaycan kubokunun sahibi səfərdə "Simurq"a qalib gəlməklə liderliyini qoruya bilərdi. Lakin səfərdə "Simurq"a 0:1 hesabı ilə uduzan "Neftçi" liderliyini əldən verib.
Turun mərkəzi qarşılaşmasında "İnter" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib. Bu komandaların turnir cədvəlinin qonşu pillərində qərarlaşması oyuna olan marağı bir qədər də artırırdı. "İnter Arena"da keçirilən oyun "İnter"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Araz Naxçıvan" klubu fəaliyyətini dayandırdığı üçün "Sumqayıt" bu tur istirahət edəcək.