Respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da 18 yaşadək uşaqların tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Abşeron rayon uşaq xəstəxanasının baş həkimi Adilə Ukalayeva Abşeron Xəbər-ə bildirib ki, rayonda 18 yaşadək 65 min 834 uşaq var. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən aksiyanın yüksək səviyyədə başa çatdırılmasını təmin etmək məqsədilə pediatr, nevropatoloq, kardioloq, otolarinqoloq, oftalmoloq və digər ixtisaslı həkimlərdən ibarət səyyar qruplar yaradılıb. Tibbi aksiya əsasən ümumtəhsil məktəblərində və uşaq bağçalarında həyata keçirilir. Bu günədək rayonda 44 min 461 uşaq tibbi müayinələrdən keçirilib. Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanmış bir neçə nəfər uşaq müalicəyə cəlb olunub. Bəzi xəstələr müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib.
Hazırki dövrə qədər məktəblilərin 98% faizi dispanserizasiyadan keçirilib. Təhsil müəssisələrindəki uşaqlarla yanaşı uşaq bağçalarına gedən və evdəki qeyri-mütəşəkkil uşaqların icbari dispanserizasiyasının da paralel olaraq aparılması davam edir.
Uşaqların tibbi müayinədən keçirilməsi aksiyası dekabrın sonunadək davam edəcəkdir.