Bilman Vəliyev: Bu dəfə də YAP Abşeron rayon təşkilatı gənclərin fəallığından faydalanmaq, onları seçki prosesinə cəlb etmək üçün əməli addımlar atır
Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları tərəfindən uğurla davam etdirilir. Belə ki, YAP bu seçkilərdə də tam gücü ilə iştirak etməyi qarşıya məqsəd qoyub. Bələdiyyə seçkiləri ilə bağlı keçirilən ümumrespublika müşavirəsində partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar tam məsuliyyətlə yerinə yetirilməkdədir. Eyni zamanda, yerlərdə partiyanın rayon təşkilatları tərəfindən seçkilərlə bağlı intensiv işlər aparılır. Bunu Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının seçkilərə hazırlıqla bağlı həyata keçirdiyi işlərdən də görmək mümkündür. Rayon təşkilatında seçkilərə hazırlıqla bağlı Seçki Qərargahı, o cümlədən, təbliğat-təşviqat qrupu yaradılıb və hazırda onlar işlərini yüksək keyfiyyətlə həyata keçirməkdədir.
Saitimizə açıqlama verən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev qeyd edib ki, hazırda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar İcra Katibliyi tərəfindən önə sürülmüş tövsiyə və tapşırıqların birinci mərhələsi başa çatdırılıb: "Biz qarşımıza məqsəd qoymuşuq ki, YAP 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində ən azı ötən bələdiyyə seçkilərindəki nəticələri təkrarlamalı, daha uğurlu nəticə ortaya qoymağa çalışmalıdır”.
Qeyd etmək yerinə düşər ki, Abşeron rayonu üzrə 2 seçki dairəsi mövcuddur. 45 saylı Abşeron Seçki Dairəsi üzrə 36 məntəqədə 47240 seçici, 50 saylı Abşeron-Qobustan Seçki Dairəsi üzrə 21 məntəqədə 24437 seçici qeydiyyatdadır.
Artıq Abşeron rayonunda yerləşən bələdiyyələr üzrə YAP-ın namizədləri də müəyyənləşib. Belə ki, YAP Abşeron rayon təşkilatında 15 bələdiyyə üzrə 167 nəfər bələdiyyə üzvlüyünə namizəd irəli sürülüb. Namizədlərdən 60 nəfəri qadın, 57 nəfəri isə gənc nəslin nümayəndələridir.
Bilman Vəliyev onu da deyib ki, bu dəfə də YAP Abşeron rayon təşkilatı gənclərin fəallığından faydalanmaq, onları seçki prosesinə cəlb etmək üçün əməli addımlar atır. YAP Abşeron rayon təşkilatının Aparatına seçkilərlə bağlı işlərə gənclər cəlb olunub və onların hər birinə müvafiq tapşırıqlar verilib. YAP Abşeron rayon təşkilatında hər gün qızğın iş aparıldığını müşahidə etmək mümkündür. Seçki Qərargahının üzvləri ilə birgə mütəmadi olaraq iclaslar keçirilir, görülən işlər gündəlik müzakirə olunur. Bu isə İcra Katibliyi tərəfindən tövsiyə olunmuş proqramın birinci mərhələsini uğurla başa çatdırmağı şərtləndirib.
Namizədlərin müəyyənləşməsinə gəlincə isə, YAP Abşeron rayon təşkilatının sədri vurğulayıb ki, namizədlərin irəli sürülməsi üçün artıq sənədləşmə prosesinə başlanılıb.
Sədr seçkilərlə bağlı partiyanı təmsil edən üzvlərin siyahısının hazırlandığını da xatırladıb. Bilman Vəliyev daha sonra qeyd edib ki, aparılan işlər çərçivəsində mobil qruplar yaradılıb və YAP Abşeron rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıq işlərini müvafiq qaydada davam etdirməkdədir.