Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar Abşeron rayonu ərazisində inşa edilmiş çoxmənzilli binaların istismarına icazə verilməsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Abşero RİH-nin inzibati binasında baş tutan toplantıda icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, Fövqəladə Hallar Nazirliyinin , “Azərişıq” ASC, “Azəriqaz” İB və “Azərsu” ASC-nin nümayəndələri, yaşayış binalarının sifarışçiləri və MTK sədrləri iştirak ediblər.
Yığıncaq çıxış edən rayon rəhbəri İradə Gülməmmədova “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrasının vəziyyəti barədə danışıb. Xanım başçı qeyd edib ki, bəzi çoxmənzilli yaşayış binalarının istismara qəbulu ilə bağlı mövcud vəziyyət sakinlərin haqlı narazılığına səbəb olaraq, onların mülkiyyət hüquqlarının reallaşdırılmasına əngəllər yaradıb. Vətəndaşların gündəlik problemlərinin həllinə xüsusi həssaslıqla yanaşan ölkə başçısı cənab İlham Əliyev illərdir öz həllini tapmayan bu məsələdə də öz qətiyyətli mövqeyini ortaya qoyub.
Xanım başçı qeyd edib ki, son bir ay ərzində rayon ərazisində inşa edilmiş çoxmənzilli binalarda Fövqəladə Hallar Nazirliyi, “Azərişıq” ASC, “Azəriqaz” İB və “Azərsu” ASC tərəfindən yoxlamalar aparılıb. Bu müddət ərzində FHN binaların dayanıqlılığını, lift təsərrüfatının olub-olmamasını və yanğından mühafizə məsələlərini yoxlayıb və onlar haqqında rəy tərtib edib. Həmin rəy iki gün ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və eyni zamanda, yerli icra hakimiyyətlərinə göndərilib.
Daha sonra istismara hazırlığı baxımından müsbət rəyin verilməsi mümkün olmayan yaşayış binalarının sifarışçilərinin, MTK sədrlərinin fikirləri, qarşıya çıxan məsələlərin aradan qaldırılması istiqamətində təklifləri dinlənilib. Çıxış edən şəxslər “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının əhəmiyyətindən danışaraq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonra Fərmanın icrasından irəli gələn məsələlər geniş müzakirə edilib, mövcud problemlərin həlli yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.