Abşeron rayonunda rabitə işçilərinin peşə bayramı qeyd edildi
Abşeronda rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova rabitə işçilərini təbrik edərək qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. Vurğulanıb ki, peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilib.
Xanım başçı bildirib ki, Azərbaycanda rabitə sahəsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Ölkədə rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır. Bu gün də dövlətimiz bu siyasəti uğurla davam etdirilir.
Abşeron Telekommunikasiya Qovşağının rəisi Mikayıl Babayev də göstərilən diqqətə görə təşəkkür edərək, rabitə işçilərinə bu şərəfli və çətin işə uğurlar arzulayıb. Son illərdə Abşeronda rabitə sahəsində görülən işlər barədə məlumat verən rəisin sözlərinə görə, hazırda iqtisadiyyatın bütün sahələri kimi, rabitə və informasiya texnologiyaları sektoru da özünün dinamik inkişaf dövrünü yaşayır.
Daha sonra bir sıra rabitə işçisinə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları təqdim edilib.