Bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyası çərçivəsində Abşeron rayon Məmmədli kəndində Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş şəxslərlə və partiya fəalları ilə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı İmamverdi İsmayılov, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev və YAP-ın səlahiyyətli nümayəndəsi Əsəd Hüseynov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev seçicilərə bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumat verib: "YAP tərəfindən Abşeron rayon Məmmədli kənd bələdiyyəsi üzvlüyünə irəli sürülən namizədlər rayonumuzda kifayət qədər fəal və tanınmış şəxslərdir. İnanırıq ki, dekabrın 23-də Abşeron rayon seçiciləri Ümummilli lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini növbəti dəfə nümayiş etdirəcəklər”.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib ki, son illərdə Azərbaycanda aparılan inkişafa istiqamətlənən siyasət böyük uğurlarla yadda qalıb. Natiq qeyd edib ki, bu nailiyyətlərin davamlılığını təmin etmək üçün Yeni Azərbaycan Partiyasına növbəti dəfə etimad göstərmək günümüzün reallığıdır: "Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən siyasi kurs hər bir ölkə vətəndaşının rifahına, dövlətimizin inkişafına xidmət göstərir”.
Daha sonra kənd ağsaqqalı Şərif Şərifov, kənd sakini Fərman Borçalı, namizədlər Vaqif Nəbiyev və Vüqar Hüseynov çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası hər zaman ölkədə keçirilən seçkilərdə yüksək səs çoxluğu ilə qələbə qazanıb: "Bu isə xalqımızın Ümummilli lider Heydər Əliyev siyasi kursuna inamından və Yeni Azərbaycan Partiyasının xalqın partiyası olmasından irəli gəlir”.