Dekabrın 29-da Abşeronun Masazır kəndində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün 120 mənzildən ibarət binanın açılış mərasimi olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin həyata keçirdiyi böyük sosial əhəmiyyətli layihələrdən biri yetkinlik yaşına çatdıqdan sonra internat evlərini tərk edən kimsəsiz məzunların yerləşdirilməsi üçün yaşayış binasının tikilməsidir.
Binada 50 yerlik kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana var. Mənzillərin hamısı mebel, inventar və avadanlıqla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada fəaliyyət göstərəcək xidmət sahələrində də məzunların özləri çalışacaqlar.
Mehriban Əliyeva binada yaradılmış şəraitdən razılığını bildirib.